Ekspert: “Azərbaycanın hazırkı vəziyyətdə hər hansı təslimçi atəşkəsə getməsi qeyri-mümkündür”

“Bütün döyüşlərdə olduğu kimi, bu dəfə də cəsədlərin döyüş meydanından götürülməsi üçün humanitar atəşkəs prosesi tətbiq edilir. Bu bütün döyüşlər üçün xarakter haldır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında BDU-nun beynəlxalq hüquq və geosiyasət üzrə professoru Əfsər Sadıqov deyib.

O bildirib ki, Azərbaycan hər zaman Beynəlxalq Humanitar Hüququn normalarına sadiq davrandığını bildirib:

“Mövcud proseslər məhz beynəlxalq humanitar hüququn normaları çərçivəsində həyata keçirilir. Bu müvəqqəti bir prosesdir. Təbii ki, bu qısamüddətli atəşkəsdir. İnsanlar bunu yanlış anlamasın. Bəlkə də onları çaşdıran humanitar atəşkəslə bağlı mətndə atəşkəsin hansı müddət ərzində davam edəcəyinin qeyd olunmamasıdır. Şübhəsiz ki, bu da Ermənistan tərəfinin marağında olan məqamdır. Ona görə də hesab edirəm ki, Azərbaycanın hazırkı vəziyyətdə hər hansı təslimçi atəşkəsə getməsi qeyri-mümkündür.

Bunu ölkə başçısı İlham Əliyev ötən gün öz çıxışında da çox açıq şəkildə ifadə etdi. Moskvada tərəflər arasında danışıqlar gedə-gedə Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışı təsadüfü deyildi. Ölkə başçısı bu mövzuda Azərbaycanın qəti fikrini ifadə etdi. O bildirdi ki, Azərbaycan öz ərazisinin bir qarış torpağını belə Ermənistanın tapdağı altında qoymayacaq, sonuna qədər davam edəcək. Bu fikir kifayət qədər açıqdır, ikimənalı heç bir məqam yoxdur. Digər tərəfdən isə istənilən atəşkəs üçün Ali Baş Komandanın iradəsi əsasdır. Danışıqlar prosesində də xarici işlər nazirinin hər hansı anlaşması, razılaşması da ölkə başçısının siyasi iradəsindən üstün ola bilməz”.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Azərbaycanı ancaq hərbi yol tutaraq humanitar yardıma riayət etməməkdə ittiham etməsin deyə, ölkəmiz danışıqlar prosesində iştirak etməyə razılıq verib.

“Baxmayaraq ki, biz öz torpaqlarımızda döyüşürük, döyüş zamanı əldə edilən hərbi qənimətlər işğal hüququna görə, bizim mülkiyyətimiz sayılır. Bu onu göstərir ki, Azərbaycan hərbi-siyasi üstünlüyə malikdir. Son dövrdə iki dövlət arasında müşahidə edilən müharibələrdə Ermənistan silahlı qüvvələrinin bu səviyyədə darmadağın edilməsi faktı qeydə alınmayıb. Bu da təbii ki, Azərbaycan Respublikasının hərbi-siyasi gücünü göstərir. Bunun ardınca Ermənistanda yuxarı hərbi elitada baş verən dəyişikliklər- Ermənistanın milli təhlükəsizlik idarəsinin rəisinin dəyişdirilməsi, hərbi ordu komandanlığının işdən azad olunması da bunu sübut edir. Eyni zamanda Azərbaycan ordusunun döyüş meydanında ermənilər tərəfdə vuruşan yüksək rütbəli zabitlərin və subayların öldürülməsi, şübhəsiz ki Ermənistan cəmiyyətində mənəviyyatsızlaşma yaradır”, – deyə Əfsər Sadıqov sonda qeyd edib.

Könül Cəfərli 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir