Elçin Əmirbəyov İsveçrə qəzetinə müsahibəsində Ermənistanın təxribatlarından danışıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İsveçrənin “La Liberte” qəzetinə müsahibə verib.

“La Liberte” qəzetinin 8 oktyabr tarixli nömrəsində dərc edilmiş məqalədə Elçin Əmirbəyov Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatlar törətdiyini vurğulayır. 

Bildirir ki, Azərbaycan ərazisindəki mülki əhali və infrastruktur Ermənistan ərazisindən hər gün hədəfə alınır, bununla da Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və müharibə cinayətləri törədir. N.Paşinyanın bu təxribatlarının məqsədi isə Rusiyanı bu münaqişəyə cəlb etməkdir.

Daha sonra qəzet E.Əmirbəyova istinadla yazır ki, Azərbaycan Türkiyənin hərbi yardımını almır və buna ehtiyacı da yoxdur. Təxminən son 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik fəaliyyətini həyata keçiriblər, lakin əfsuslar olsun ki, bu günədək bu münaqişə həll edilməyib. Buna görə də vasitəçi olan həmsədr ölkələr də məsuliyyət daşıyır. Belə ki, 1990-cı illərin əvvəllərindən başlayaraq vasitəçi olan həmsədr ölkələrin Ermənistana təzyiq göstərməməsi Ermənistanda cəzasızlıq hissi yaradıb.

Birinci vitse-prezidentin köməkçisinin fikrincə, atəşkəs özü-özlüyündə münaqişənin həlli demək deyil, münaqişə köklü şəkildə həll edilmədən atəşkəs çox davam edə bilməz. Azərbaycan israr edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrə əsasən erməni hərbi qüvvələri ölkəmizin işğal olunmuş bütün ərazilərdən çıxarılmalıdır. Azərbaycan oradakı yerli erməni mülki əhalini öz vətəndaşları hesab edir və onların təhlükəsizliyini təmin etməyə hazırdır.

Daha sonra E.Əmirbəyov bildirir ki, münaqişənin mürəkkəbliyini nəzərə alaraq deyilən məsələlər iki gün ərzində həll edilə bilməz. Bunlar üçün müəyyən vaxt və mərhələli yanaşma tələb edilir. Bununla əlaqədar ATƏT-in Minsk qrupunun bir neçə təklifi Yerevan tərəfindən rədd edilib. Hər dəfə danışıqlarda müəyyən irəliləyiş hiss ediləndə, Ermənistan yeni bir bəhanə ilə substantiv danışıqlardan boyun qaçırır.

E.Əmirbəyovun fikrincə, N.Paşinyanın danışıqları pozmasından sonra onun məsuliyyətli danışıqlar tərəfdaşı olması suallar doğurur və bu amil ciddi maneədir. Bakı danışıqlara qayıda bilər, lakin biz əmin olmalıyıq ki, Ermənistan işğaldan əl çəkib öz qoşunlarını ərazilərimizdən qeyd-şərtsiz çıxarmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir