Elnur Allahverdiyev: “Təcrübəyə malik kadrlar işdən çıxarılır”

“Bəzi dövlət orqanlarında yeni rəhbərin gəlişi ilə əvvəlki kollektiv səbəbsiz işdən çıxarılır”. 

Bu barədə deputat Elnur Allahverdiyev Milli Məclisdəki çıxışında deyib. 

O bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli islahatlar həyata keçirilir. Bu islahatların çox mühüm istiqaməti rəhbər vəzifələrə yeni, müasir düşüncəli və təhsilli gənc kadrların təyin olunmasıdır. 

“Dövlətimizin hərtərəfli inkişafı yeni dünyagörüşünə malik, dünyada baş verən siyasi, iqtisadi tendensiyalardan xəbərdar olan kadrlardan asılıdır. İqtisadiyyat, sosial həyat, təhsil sahəsindəki uğurlarımız göz qabağındadır. 

44 günlük Vətən müharibəsində gənc zabitlərimizin taleyüklü anlarda verdikləri qərarlar parlaq qələbəmizin mühüm səbəblərindəndir. Başqa sözlə, inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş dövlətimiz üçün yeni təfəkkürlü idarəetmə sistemi labüddür. Ancaq bəzi hallarda yeni kadrın təyinatı ilə dövlət orqanlarında əvvəlki kollektivin səbəbsiz işdən azad edilməsi problemi yaşanır. Mən deyərdim ki, bir çox hallarda yeganə səbəb azad olunmuş kadrın yaşının yeni təyin olunmuş rəhbərin yaşından çox olmasıdır. 

Söhbət 50, 55, 58 və s. yaşdan gedir. Bu yaşda olan, müəyyən təcrübəyə malik kadrlar işdən çıxarılır, mövcud durumu, pandemiya səbəbindən iqtisadiyyatımızın qarşılaşdığı problemləri nəzərə alsaq, faktiki olaraq işsiz qalırlar. Pensiya vaxtına isə hələ bir neçə il var. Bu şəxslər ailə başçısıdırlar, yaşlarının ən məsuliyyətli anını yaşayırlar, övladları təhsil alır, qızları, oğulları ailə həyatı qurmalıdırlar. Və belə bir anda dəstəyinə ehtiyac duyulan valideyin işsiz qalır. Fikrimcə, həmkarlarım mənimlə razılaşar ki, bu, kifayət qədər ciddi məsələdir və diqqətimizdən kənarda qalmamalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir