Emin Hacıyev: “Heydər Əliyevin azərbaycançılıq ideyası dünya azərbaycanlılarını birləşdirən platformadır”

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası dünya azərbaycanlılarının milli həmrəyliyini yaradan ali məfkurədir. SSRİ dövründə bir çox siyasi reallıqların, o cümlədən sovet ideologiyasının mövcud olduğu vaxtlarda məhz Heydər Əliyevin müəyyən etdiyi siyasətlə dünya azərbaycanlıları arasında milli birliyə ciddi təkan verən mədəniyyət, incəsənət sahəsində böyük işlər aparılırdı. Bu da dünya azərbaycanlılarının tarixi Vətənləri ilə – Azərbaycanla sıx əlaqələrinin yaranmasına ciddi təkan verirdi.

Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideyasını birləşdirici platformaya çevirib, onun Azərbaycana rəhbərlik etdiyi dövrdə bu ideya zənginləşib və dünya azərbaycanlılarının “səfərbər” olunmasında əvəzolunmaz rol oynayıb. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması görkəmli dövlət xadimi Heydər Əliyevin tarixi xidmətidir.

Əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu azərbaycançılıq ideyası Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü diaspor siyasətində qorunub inkişaf etdirilir. 

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun xaricdə gördüyü işlər təqdirəlayiqdir və Azərbaycan diasporunun, eləcə də beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında xüsusi önəmə malikdir. Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən sayılan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl iş görür.

Mehriban Əliyevanın təşəbbüsü ilə artıq bir neçə ölkədə Azərbaycan evləri və “Qarabağ” adlı Azərbaycan məktəbləri fəaliyyətə başlayıb. Bu nəcib addım diasporumuzun təşkilatlanmasında xüsusi rola malikdir.

Başqa bir məqama da diqqət etməliyik ki, artıq xarici ölkələrdə Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlıq inkişaf edir, bir sıra mühüm tədbirlər həyata keçirilib. Diasporlar arasında münasibətlərin möhkəmlənməsində Azərbaycan və Türkiyənin dövlət başçılarının da vahid platformadan çıxış etmələri diqqəti cəlb edir.

Ölkəmizin İkinci Qarabağ müharibəsindəki böyük qələbəsi xaricdə yaşayan azərbaycanlıların da məsuliyyətini xeyli artırdı. Diaspor təşkilatları və diaspor üzvləri Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində məqsədyönlü şəkildə iş apardılar. Onlarla ölkədə yüzlərlə yürüş-mitinq keçirildi və beynəlxalq ictimaiyyət həqiqətlərlə tanış oldu.

 “Qarabağ Azərbaycandır” şüarı dünyanın hər yerində küçə və meydanları bəzədi. Xaricdə yaşayan azərbaycanlılar rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlığı haqqında dünya mediasında məlumatların yayılmasında böyük rol oynadılar. 

Biz bu il tariximizn ən gözəl həmrəylik günlərindən birini yaşayırıq. Dünya azərbaycanlıları öz fəaliyyətləri ilə bir daha sübut etdilər ki, hər zaman Müzəffər Ali Baş Komandanın yanındadırlar və harada yaşamalarından asılı olmayaraq, Ana Vətənlərinin mənafelərinin müdafiəsinə hazırdırlar. Yaşasın əbədi birliyimiz və həmrəyliyimiz!

Millət vəkili Emin Hacıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir