Engin Özer: “Qarabağda hər şey planlaşdırıldığı kimi davam edir”

Fevralın 1-də Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Türkiyənin Qars vilayətində ortaq təlimlərə başlayır. Bu barədə məlumat Ermənistanda gözlənilən fırtınalı reaksiyaya səbəb oldu. İrəvan onsuz da İkinci Qarabağ müharibəsindəki məğlubiyyətində, fəaliyyətlərini guya Rusiya ilə razılaşdıran Türkiyəni günahlandırır.

Eyni zamanda, Türkiyənin təkcə Cənubi Qafqaz bölgəsində deyil, bütün Yaxın Şərqdə həmişə əsas oyunçu olduğu aydındır. Ankara Azərbaycana böyük mənəvi və siyasi dəstək verdi, bu barədə hər zaman Bakıda danışılıb.

Türkiyəli politoloq Engin Özer Media.Az-a verdiyi müsahibəsində Ermənistanda qəzəbin Fransanın həll prosesində əhəmiyyətli bir oyunçuya çevrilməməsindən qaynaqlandığını söylədi:

“Əlbətdə ki, İrəvan Türkiyə əvəzinə Fransanı görmək istərdi, bu erməni tərəfi üçün faydalı olardı. Bundan əlavə, Paris antitürk siyasətini davam etdirir”.

“Qarabağ münaqişəsinə gəldikdə, Azərbaycan Prezidenti İlham Əliyevin “münaqişə həll olunub” və “Qarabağ Azərbaycan Respublikasının ayrılmaz bir hissəsidir” sözlərini bir daha xatırlaya bilərik. Türkiyənin burada faktiki olaraq Azərbaycan, Rusiya və Ermənistanla yanaşı dördüncü tərəf kimi çıxış etməsi Ermənistanın xoşuna gəlmir. Rusiyanın dövlət başçısı Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana Qarabağ görüşləri və əldə edilən razılaşmalar haqqında ətraflı danışır”, – deyə Engin Özer əlavə edib.

O, müsahibəsində Qarabağda Rusiya-Türkiyə Monitorinq Mərkəzinə də toxundu:

“Türkiyəli hərbçilər müşahidəçi olacaq, bunun üçün onlarla insan kifayətdir. Ancaq ümumiyyətlə ehtiyac yaranarsa, Türkiyə qüvvələri hər zaman Azərbaycanın köməyinə gəlməyə hazırdır. Faktiki olaraq Azərbaycanla Türkiyə arasında hərbi blok var. Ancaq bitən müharibə göstərdi ki, Azərbaycan ordusu istənilən vəzifənin öhdəsindən özü gəlir”.

Engin Özer atəşkəsi qorumaq üçün qarşılıqlı anlaşmanın lazım olduğunu qeyd etdi.

“İndi  söhbət nəqliyyat dəhlizlərinin blokdan çıxarılmasından gedir, hansı ki, bütün region ölkələri bunun marağındadır. İqtisadi inkişaf olacaq – problem olmayacaq. Monitorinq Mərkəzinə gəldikdə isə bir daha deyəcəyəm: türkiyəli hərbçinin nə qədər olması qətiyyən vacib deyil. Hər şey planlaşdırıldığı kimi davam edir”, – deyə türkiyəli ekspert sözlərini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir