Ermənistanda Polşa ordusunu gözləyirlər, Polşada isə bu barədə heç nə bilmirlər – VARŞAVADAN ŞƏRH

Ermənistanda beynəlxalq hərbi kontingentin bölgəyə və ya ən azı bu ölkənin Azərbaycanla sərhədinə yerləşdirilməsi ilə bağlı çağırışlar eşidilməyə davam edir. İrəvanda daha çox fransız qoşunlarından danışılır.

Lakin bugünlərdə erməni radikal müxalifətçisi Jirayr Səfilyan tərəfindən yeni sayıqlama ortaya atılıb. O, bölgədə Fransa qoşunlarının yerləşdirilməsi ilə bağlı Qərbin təklifinin Rusiya tərəfindən qəbul edilməyəcəyi təqdirdə, fransızların Polşa hərbi kontingentilə əvəz olunacağını iddia edib.

Tanınmış polşalı analitik, Nikolay Kopernik adına Torun Universitetinin Siyasi Elmlər və Beynəlxalq Araşdırmalar Fakültəsinin professoru Roman Bekker Oxu.Az-a verdiyi şərhdə, Ermənistanda gəzən şayiələrdən təəccübləndiyini dilə gətirib.

“Mən bütün Polşa mediasında, sosial şəbəkələrdə və forumlarda dərc olunan yazıları yaxından izləyirəm. Heç bir yerdə və heç vaxt belə bir təklifə, hətta ideya səviyyəsində belə, rast gəlməmişəm. Polşa qoşunlarının Cənubi Qafqaza göndərilməsi fikri təəccüblüdür. Əminliklə deyə bilərəm ki, bu məsələ Polşada sadəcə olaraq gündəmdə deyil”, – deyə həmsöhbətimiz bildirib.

Roman Bekker ötən il Qarabağ müharibəsinin nəticələrinə də toxunaraq, baş verənlərin nəinki geosiyasi və ya Azərbaycanla Ermənistan arasındakı qarşıdurma, həm də müasir hərbi münaqişə forması baxımdan çox maraqlı olduğunu bildirib.

O qeyd edib ki, 44 günlük müharibə zamanı iki növ silahlı qüvvə arasında toqquşma müşahidə olunub. Politoloqun fikrincə dünyanın bütün orduları bu müharibənin təcrübəsini öyrənməlidir və artıq öyrənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir