Ermənistanın ikiüzlü siyasəti ard-arda ifşa edilir – Döyüşün və informasiya cəbhəsinin qalibi Azərbaycandır

Azərbaycan hələ əks-hücum əməliyyatından əvvəl Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacardı. İnformasiya müharibəsində Azərbaycan tərəfi nəinki boş durmadı, eyni zamanda tutarlı və məqsədyönlü addımlar atdı.

Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. O bildirib ki, informasiya mübarizəsində də ölkə başçısı İlham Əliyev ən yüksək fəallıq göstərən insan missiyasını yenə öz çiyinləri üzərinə götürdü:

“Döyüşün və informasiya cəbhəsinin məharətli sərkərdəsi, Ali Baş Komandan İlham Əliyev siyasi uzaqgörənlik nümayiş etdirərək, hələ 24 sentyabr 2020-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında video formatda çıxış edərkən və 25 sentyabr 2020-ci il tarixində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən beynəlxalq ictimaiyyətə məlumat verib ki, Ermənistan rəhbərliyinin düşmən bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni təcavüz planları olduğundan xəbər verir. Beləliklə də, sentyabrın 27-i səhər saat 06:00-dan başlayan erməni təxribatı ölkə başçımızın uzaqgörənliyini bir daha sübuta yetirdi. Bu müddət ərzində isə döyüşlər sadəcə səngərdə yox, informasiya məkanında da qızğın xarakter aldı. Ermənistan əvvəlki dövrdə olduğu kimi istər erməni lobbisinin, istərsə də xarici havadarlarının dəstəyi və köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmağa, öz yalan, ikiüzlü, riyakar, nə tarixə, nə də beynəlxalq hüquqa əsaslanmayan siyasətini beynəlxalq ictimaiyyətə sırımağa uğursuz cəhdlər göstərdi.

Azəbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin iyul təxribatından əvvəl və sonra bütün beynəlxalq platformalarda Azərbaycanın haqq səsini, haqlı mövqeyini və Ermənistanın işğalçı siyasətinin ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu tutarlı faktlarla və ardıcıl, sistemli şəkildə sübuta yetirdi. Belə ki, müharibə sadəcə səngərdə getmirdi. İnformasiya cəbhəsində də qızğın döyüşlər davam edirdi. Bu səbəbdən də Ali Baş Komandan sadəcə Azərbaycan Silhalı Qüvvələrinə rəhbərlik etməklə kifayətlənmir, informasiya savaşında da əsl Komandan funksiyasını böyük bir məharət və ustalıqla yerinə yetirirdi. Bu məqsədlə, sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində bərpa olunan hərbi əməliyyatlar dövründə Prezident İlham Əliyev dünyanın nüfuzlu 9-10 televiziya kanalına müsahibələr verib, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırki vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmış, Azərbaycanın haqlı mövqeyini əsaslandırıb”.

Azərbaycanın Ali Baş Komandanı kimi Prezident İlham Əliyevin eyni vaxtda həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə etdiyinə diqqət çəkən Ş. Həsənova onu da əlavə edib ki, ölkə başçısı bu barədə dünya ictimaiyyətinə dolğun informaisyaların çatdırılması məqsədilə bir çox dünya ölkələrinin aparıcı media orqanlarına müsahibə verib:

“Gecə-gündüz demədən, yorulmadan, usanmadan Prezident İlham Əliyev “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin nüfuzlu “TRT Haber”, Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində Azərbaycana qarşı “feyk-nyuslar”ı ifşa etmiş, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbə vurmuş, bütün faktları dünya ictimaiyyətinin diqqətinə soyuqqanlılıq, səbir və təmkinlə çatdırıb. Belə ki, ölkə başçımız bir daha məsələlərə operativ müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə, taleyüklü məqamlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoydu. Dövlət başçısının istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın ürəyindən xəbər verdi, onun sözünü və mövqeyini ifadə etdi.

Bu müsahibələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi, onun iradəsini ən layiqli şəkildə müdafiə etmək qabiliyyətinə malik lider hesab edir, ona inanır, güvənir və tam dəstəkləyir. Belə taleyüklü anda xalqımız ölkə başçımızı tamamilə dəstəklədi, onun səsinə səs verdi. Prezident İlham Əliyevin həm döyüş, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr həm də onun isbatıdır ki, dövlət başçısı bütün addımlarında Azərbaycan xalqının ona olan dərin inamına əsaslanaraq hərəkət edir və bu etimadı layiqincə doğruldur. Prezident İlham Əliyevin xarici mediaya müsahibələrindəki kəskin, hətta bəzən provokativ suallara təmkinlə və tutarlı cavabları bir daha onun mahir siyasətçi və diplomat olduğunu sübut etdi”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir