Ermənistanın yaltaqlığına şirnikləşən Qərbin xəstə siyasəti – KÖŞƏ

30 ilə yaxın işğal altında qalmış Azərbaycan ərazilərinin böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən minalanıb. 

Burada sual meydana çıxır ki, ermənilər iddia etdikləri kimi buranı öz ərazisi hesab edirdilərsə, bəs niyə hər yerə mina döşəyirdilər? 

Yoxsa sadə aşotların və öz hərbçilərinin minaya düşməsi üçün? İnandırıcı deyil. Deməli, ermənilər bu ərazilərin onlara məxsus olmadığını və buraları nə vaxtsa tərk edəcəklərini yaxşı bilirdilər. Elə bu səbəbdən yırtıcı xislətlərinin davamı olaraq, özlərindən sonra əzəli torpaqlarına qayıdacaq azərbaycanlılar arasında maksimum itkilərin olmasına nail olmağa çalışıblar. 

Bir neçə gün əvvəl Azərbaycan mediasının iki gənc üzvü – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov da məhz bu təxribatın qurbanı olublar. 

Sual olunur, görəsən, beynəlxalq hüquqda hərbi cinayət aktı kimi tövsif edilən bu əməllər Avropa ölkələrindən birində baş versəydi, buna necə reaksiya verilərdi?

Çox təəssüf ki, daim insan haqlarının və ümumbəşəri dəyərlərin qorunmasından ağız dolusu dəm vuran Qərb dövlətləri və beynəlxalq təşkilatlar bu dəfə də öz “ənənəsi”nə sadiq qalaraq Azərbaycan vətəndaşlarına qarşı törədilən bu iyrənc təxribata və vəhşi cinayətə göz yumdular. Bəllidir ki, onların “insan haqları”, “demokratiya” kimi rıçaqları bu və ya digər ölkədə maraqları təmin olunmadıqda işə düşür. 

Bu arada, Azərbaycan Silahlı Qüvvələrinin iki ölkə sərhədində öz qanuni mövqelərini bərpa etməsindən panikaya düşən rəsmi İrəvanın müvəqqəti baş naziri, Koçaryanın dili ilə desək, “dilənçi Paşinyan”ın zəng edərək hay-küy salmadığı, yalvararaq imdad diləmədiyi dövlət başçısı qalmadı. 

Qərb dövlətləri arasında ermənilərin ən çox arxalandığı ABŞ Dövlət katibi Antoni Blinken və Fransa Prezidenti Emmanuel Makron isə növbəti dəfə hücuma məruz qalanın yox, təcavüzkarın yanında yer almağa üstünlük verdi və Azərbaycanı sərhəddə tutduğu öz qanuni mövqelərindən geri çəkilməyə çağırdılar.

Bəs niyə bu təzyiqlər son 25 ildə Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlayan Ermənistana tətbiq edilmədi? Haradadır ATƏT-in Minsk qrupu? Niyə səssizliyini pozub bir dəfə də olsun Ermənistana “gözün üstündə qaşın var” demir?

Nə üçün dünya ictimaiyyəti və beynəlxalq birlik hələ də Azərbaycana qarşı bu qədər haqsızlığa, ikili standartlara yol verməyə davam edir? Uzun illər torpaqları işğala, hərbi aqressiyaya və dağıntılara, günahsız vətəndaşları isə soyqırımına, qətliama məruz qalan Azərbaycan bu gün də həmin laqeydsizliyin qurbanına çevrilib. 

İşğalçı Ermənistan da beynəlxalq təşkilatların bu biganəliyindən ruhlanır, daha da yırtıcılaşır və ona sülh, barış, əməkdaşlıq əli uzadan Azərbaycana qarşı təxribatlarına son vermir. Aydındır ki, ermənilər həm də öz havadarlarına arxayın olaraq, onların “xeyir-duası” ilə bu cinayətlərə əl atırlar. 

Görünür, “hay”lara öz qonşusu ilə sülh şəraitində və dinc, yanaşı yaşamaq yox, ömür boyu kiminsə əl altısı olmaq, səfalət, yoxsulluq içində sürünmək daha əlverişlidir.

Elnur Həsənov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir