FHN: Düşmənin raket atəşinə tutduğu Gəncədə dağıntılar altında qalan iki nəfər xilas edilib

Bu gün səhər saatlarından başlayaraq Ermənistan ərazisindən ölkəmizin ikinci böyük şəhəri olan və döyüş bölgəsindən tam kənarda yerləşən Gəncə şəhəri raket zərbələrinə məruz qalıb. Dağıntılar altında qalanlar xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən bir ünvanda yanğının qarşısı alınıb, üç ünvanda isə dağıntıların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür. Dağıntılar altından xəsarət almış iki nəfər xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozub Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir