Hər şeydən (na)Razi Nurullayevdən ABSURD AÇIQLAMA: “Bir millət, iki dövlət” anlayışının hüquqi əsası yoxdur”

Azərbaycan Milli Məclisinə nəzər saldıqda, parlamentin fəaliyyəti ilə azacıq maraqlandıqda, mətbuatda dərc olunan yazıları izlədikdə aydın görünən bir mənzərə və ortaq bir fikir ortaya çıxır. Ali qanunverici orqanda parlamentarilər ilk növbədə iki qrupa bölünür: danışanlar və ağzına su alıb oturanlar.

İkincilər “danışmaq gümüşdürsə, susmaq qızıldır” qaydasını tətbiq üçün ünvanı səhv saldıqları üçün onsuz da kəskin tənqid olunur. Ancaq birincilərin də arasında “dilinin bəlasına düşənlər” heç də az deyil.

Çünki çox danışmaq, fəallıq nümayiş etdirmək bir anlamda müsbət sayılsa da, digər tərəfdən səsləndirilən fikirlər deputatın özünün də güzgüsünə çevrilir və onun fəaliyyətinin qiymətləndirilməsində əsas meyar təşkil edir.

Məsələlərə reaksiya vermək, fəal olmaq yaxşı haldır, ancaq bir şərtlə ki, dediklərinlə əməlin üst-üstə düşə, qərəzsiz olasan və səsləndirdiyin fikirin məntiqi əsası olsun.

Milli Məclisin fəalları sırasında deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin də adını çəkmək olar.

Razi bəyin fəal olmasını müsbət məqam saymaq olardı, ancaq burada da bəzi əmmalar var ki, onları qeyd etdikdən sonra deputatın fəaliyyətinin real qiyməti ortaya çıxır…

Milli Məclisin tribunasından və müxtəlif KİV-lərdə sərt tənqidlərə bənzər populist çıxışları ilə seçilən Razi Nurullayevin hər zaman “narazı” olduğunu deyə bilərik. Kəskin və bir sıra hallarda əsassız tənqidlər, məsələlərə radikal yanaşma və bütün bunlardan daha vacib digər bir məqam deputatın fəaliyyətinin əyani təzahürüdür.

Həmin məqam Razi Nurullayevin öz fəaliyyətini deputat yoldaşlarının fəaliyyətindən daha səmərəli və faydalı hesab etməsidir. Belə ki, çıxışlarında və açıqlamalarında hər zaman seçicilərlə görüşlərini vurğulayan, onların problemlərini dinlədiyini söyləyən Razi bəy sanki bu işin fövqəladə bir xidmət olması kimi qəbul edir. Yəni deputat bu sahədə böyük canfəşanlıq göstərdiyini hər zaman dilə gətirir. Sanki parlamentin digər deputatları seçiciləri ilə maraqlanmır, bu işdə sadəcə Razi bəy ön sırada dayanır. Halbuki, deputatın vəzifəsi elə ilk növbədə öz seçicilərinin parlament tribunasındakı səsi olmaqdır. Seçicilərlə maraqlanmaq, onları dinləmək onsuz da hər bir deputatın borcu və öhdəliyidir. Burada qeyri-adi xidmət olaraq qələmə veriləcək səviyyədə heç nə yoxdur…

Hər zaman tənqidi fikirlərlə yadda qalan Razi Nurullayev özü heç də tənqidi fikirləri qəbul edə bilmir desək, yanılmarıq. Karantin qaydalarının tələblərini pozaraq yas mərasimlərini ziyarət edən deputatın məsələnin işıqlandırılmasından sonra verdiyi reaksiya və bir növ mətbuatın buna görə “topa tutması” məhz bunun əyani sübutudur.

İnsafən deyək ki, Razi Nurullayev bəzən səhvlərini etiraf etməyi də bacarır.

Məsələn, o çıxışlarından birində deputatlara verilən kirayə pulunun artırılmasını təklif edib. Lakin sonradan götür-qoy edən deputat sonda bu açıqlamanı verib:

“Milli Məclisdə Tahir Kərimlinin və mənim dediyim yerində, düzgün alınmadı, bunu etiraf edirəm. Çünki ilin-günün bu vaxtı bu cür təkliflərin yeri deyil”.

Buradan da görünür ki, fəal deputat olmaq heç də hər zaman hər şeyin düzgün olması anlamına gəlmir. Bəzən Razi bəy də təkliflərinin yerində olmadığını qəbul edir. Lakin bu cür təkliflərin, çıxışların sayı o qədər çoxdur ki…

Razi Nurullayevin çıxışlarında məsələlərə yanaşması və tənqid elə bir həddə çatır ki, hətta onun parlamentdəki həmkarları belə bəzən özlərini irad tutmaqdan saxlaya bilmir.

Bu məqamda Fəzail İbrahimlinin çıxışlarından birində Razi Nurullayevi mərsiyəçi ilə müqayisə etməsi yada düşür:

“Sizin bu çıxışınız bələdiyyələrin fəaliyyətinə bütövlükdə kölgə salır. Eyni zamanda mənim də fəaliyyətimə. Danışanda bir az diqqətli olsun. Qüsur və nöqsanlar da var. Bu qüsurların üzərinə gedən deputatlar var. Sizin çıxışınız bir mərsiyəçi vardı, ona bənzəyir. Sizin adınız Razidir, onun adı isə Racid. Siz hər dəfə çıxış edəndə onun mərsiyələri yada düşür”.

Razi Nurullayevin parlament tribunasından səsləndirdiyi fikirlərin əsassız olması da bəzən onun həmkarları tərəfindən ortaya qoyulan hallardandır.

Məsələn, 2021-ci ilin sonlarında baş vermiş mübahisəni xatırlayaq: həmkarı Fəzail Ağamalı Razi Nurullayevin Yaponiya ilə Azərbaycan arasında su təchizatının yaxşılaşdırılması istiqamətində kredit sazişini tənqidinə cavab verib:

“Bu, Azərbaycanda həyata keçirilən islahatlara kölgə salmaqdır. Bu gün Azərbaycan və Yaponiya dünyada yetərincə ciddi qəbul edilən ölkədir. Razi Nurullayev istəsəydi, bu barədə yetərincə məlumat əldə edə bilərdi. Amma onun burada belə bir fikir səsləndirməsi yolverilməzdir”.

Bu zaman İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də Razi Nurullayevin həqiqətdən uzaq fikir səsləndirdiyini bildirib.

Və nəhayət, Razi Nurullayevin çıxışlarında bir sıra anlaşılmaz və absurd məqamlar da yer alır. Məsələn, o, bu günlərdə qatıldığı debatlardan birində “Bir millət, iki dövlət” anlayışı nəzəri bir yanaşmadır və onun hüquqi əsası yoxdur” fikrini səsləndirib.

Razi Nurullayev bu sözləri ilə ən yumşaq şəkildə dövlətin siyasi xəttinə və maraqlarına etinasız yanaşmasını ortaya qoyub. Azərbaycanın əsas müttəfiqi olan Türkiyə ilə “bir millət, iki dövlət” anlayışına bu cür yanaşma yolverilməz olmaqla bərabər, eyni zamanda deputatın çıxışının məntiqi əsasının olmadığını göstərir.

Eyni zamanda Razi Nurullayevin gənclərlə bağlı çıxışlarında da bir uyğunsuzluq müşahidə olunur. Cəmiyyətin və dövlətin bütün təbəqələri tərəfindən təqdir olunan gəncləşdirmə islahatları Razi Nurullayevin tənqid oxlarından kənarda qala bilməyib:

“Hətta mən deyərdim ki, bu gün gənc nəsil yaşlılara rəhmət oxutdurur. Ona görə kadr islahatlarının bu tərzdə getməsindən razı deyiləm”.

Burada Razi Nurullayev əsas məsələnin yaşda deyil, görülən işdə olduğu tezisini irəli sürür. Lakin elə onun öz fəaliyyətini də öz tezisi üzrə qiymətləndirəndə ortaya yuxarıdakı kimi maraqlı məqamlar çıxır. Yəqin ki, Razi Nurullayev karantin qaydalarını özünə aid etmədiyi kimi, görülən işlərin qiymətləndirilməsi meyarını da özünə şamil etmək istəməyib.

İstənilən halda Milli Məclisin “narazı” deputatının fikirlərinin əsasında heç də hər zaman cəmiyyətin fikirlərinin dayanmadığı ortadadır. Bunlar bəzən məlumatsızlıq, bəzən səhv, bəzən də sadəcə söz xatirinə söz söyləməkdən qaynaqlanır…

Nicat Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.