Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun tikintisi layihəsi icra olunur – FOTO

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilib.

Oxu.Az xəbər verir ki, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu başlanğıcını Xocavənd rayonunun Hadrut qəsəbəsindən götürməklə, Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yoluna birləşir.

Layihələndirilən yolun uzunluğu 43 kilometrdir. 

Yeni Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobill yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək. 

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar işçi qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir