Hesablama Palatası ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına öz töhfəsini verə bilər

Ötən 2020-ci il xalqımız və dövlətimiz üçün bir sıra vacib hadisələrlə yaddaşda qaldı. Xalqımız Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ-Vətən müharibəsində möhtəşəm qələbəni çox böyük coşqu ilə yaşadı, doğma Qarabağımız işğaldan azad olunaraq Azərbaycanın suverenliyi bərpa edildi.

Qazanılan qələbə müzəffər ordumuzun qəhrəmanlığı ilə yanaşı, həm də son illər ölkə başçısı tərəfindən həyata keçirilən ardıcıl və davamlı islahatların, mükəmməl idarəetmənin kontekstində dövlət institutlarının daha çevik və kifayət qədər dolğun, məzmunlu fəaliyyətinin nəticəsidir. Bu baxımdan, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanı olaraq Azərbaycan Respublikası Hesablama Palatası da 2020-ci il ərzində pandemiyanın şərtləri və tələblərinə müvafiq həmin fəaliyyətin səmərəliliyini, operativliyini və şəffaflığını təmin edib. 

Bu istiqamətdə Hesablama Palatası tərəfindən 2020-ci ildə başa çatdırılmış auditlərin nəticəsi olaraq 400-dən çox nöqsan müəyyən edilib. Bu nöqsanların təqribən 60 faizə yaxın hissəsi əsasən büdcə qanunvericiliyinin pozulması ilə bağlı hallardır ki, göstərilən səylər nəticəsində 50 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə geri qaytarılması təmin edilib, bu isə diqqətəlayiq məqamdır. 

Qeyd edək ki, ötən il Hesablama Palatasının “2018-2020-ci illər üçün Strateji İnkişaf Planı” başa çatıb, 2021-2025-ci illərdə fəaliyyəti əhatə edən yeni Strateji Plan qəbul edilib. Bu Plan Hesablama Palatasının fəaliyyətinin yeni qlobal çağırışlara uyğun qurulmasında prioritet rol oynamaqla vətəndaşların həyat səviyyəsinin və rifah halının yüksəldilməsi prinsiplərinə əsaslanıb.

Hazırda Hesablama Palatasının fəaliyyətinin əsas prioritet istiqaməti dövlət maliyyəsinin idarəedilməsində səmərəliliyin (DİM8), hesabatlılığın və şəffaflığın inkişaf etdirilməsində (DİM16) və vətəndaşların mənafeyi naminə dövlət vəsaitlərinin effektiv idarə edilməsində (DİM8 və DİM16) mühüm rolunu daha da artırmaq və öz funksiyalarının hərtərəfli yerinə yetirilməsinin təmin olunması və gücləndirilməsi üzrə zəruri addımlar atmaqdır. Palatanın fəaliyyətinin əsas istiqamətlərinin 2030 Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri ilə üstüstə düşməsinə baxmayaraq, 2021-2025-ci illər Hesablama Palatasının Strateji Planının əsas gözləntilərinin təhlilində təkmilləşdirilməli olan bəndlər arasında Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərinin olmaması diqqət çəkir.

Bu baxımdan, dövlət qurumlarının dövlət vəsaitinin idarə və istifadə edilməsi sahəsində hesabatlılığının, şəffaflığının təmin edilməsi ölkəmizin də qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinin daha da güclənməsinə stimul verəcəkdir. Xüsusilə də, DİM16, DİM8, DİM2, və DİM1 hədəflərinə nail olmaq istiqamətində qurumun nəzarəti əvəzolunmaz təsirə malikdir. 

Fəaliyyəti dövlət vəsaitlərin daha səmərəli və qənaətli istifadəsinin təmin edilməsi olan Hesablama Palatasının Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi ilə bağlı nəzarət tədbirlərini gücləndirməsi, qlobal çağırışlara daha uyğun və operativ reaksiyaların verilməsi ölkəmizin inkişafının daha dayanıqlı və innovativ olmasına dəstək olacaqdır.    

Məzahir Əfəndiyev 
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir