Hikmət Hacıyev Azərbaycanın informasiya savaşındakı təcrübəsindən DANIŞDI

“Türkiyə tərəfindən təşkil edilən forum böyük əhəmiyyət daşıyır. Müasir dünyada strateji kommunikasiyaların, yəni ismarışların əlaqələndirilmiş və ardıcıl şəkildə təqdim olunması böyük önəm kəsb edir. Bu xüsusda Azərbaycanın təcrübəsi konfrans iştirakçılarının nəzərinə çatdırıldı”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya – “Stratcom 21” sammiti ilə bağlı deyib.

O bildirib ki, xüsusilə Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə hibrid elementlərlə müşayiət olunub və dezinformasiya, yalan xəbərlər əsnasında həyata keçirilib.

Prezidentin köməkçisi vurğulayıb ki, bu məsələ ötən əsrin 90-cı illərinin əvvəllərinə də aiddir:

“Azərbaycanın haqlı olmasına baxmayaraq, ölkəmizin haqsız duruma salınmasına və bu münaqişə əsnasında yalanların beynəlxalq ictimaiyyətə təqdim olunmasına cəhd edilirdi.

Tədbirdə çıxışım zamanı Birinci və İkinci Qarabağ müharibələrini müqayisə edərək, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsi zamanı aparılan strateji kommunikasiyanın əhəmiyyətini və metodologiyasını konfrans iştirakçılarının diqqətinə çatdırdım. Vətən müharibəsi zamanı Prezident İlham Əliyev dünyanın 30-dan artıq media orqanına müsahibə verib. Həmin müsahibələr saatlarla davam edirdi. Eyni zamanda dövlət başçısının Azərbaycan xalqı ilə birbaşa dialoqunun həyata keçirilməsi və televiziyalar vasitəsi ilə cəbhədə baş verən hadisələri xalqa çatdırması, reallıqları təqdim etməsi də böyük önəm daşıyırdı. Həmçinin Prezident tərəfindən sosial media hesabları üzərindən aparılan fəaliyyət və bütün ölkəmizdə kommunikasiyanın vahid mərkəzdən idarə olunaraq əlaqələndirilmiş şəkildə, hər hansı fikir ayrılığına yol vermədən həyata keçirilməsi sahəsində olan təcrübəmizi bölüşdük”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir