Hulusi Akar: “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır” – FOTO/VİDEO

Türkiyə Milli Müdafiə naziri Hülusi Akar Qarabağda yaradılan Ortaq Mərkəzdə fəaliyyət göstərəcək türkiyəli əsgərlərin qarşısında çıxış edib.

Bu barədə nazirliyin rəsmi saytında qeyd edilir.

“Hər şey açıq-aşkardır. Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Bunu hamı yaddaşına yazsın, heç kim unutmasın, səhv hesablamalar etməsin”.

Türkiyəli nazir Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə Azərbaycanın Ulu öndəri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik. Bu, bizim dostluğumuzun və qardaşlığımızın mənasını təşkil edir” fikirlərini də xatırladıb.

O qeyd edib ki, Azərbaycanın Əsgər Marşında deyildiyi kimi “Azərbaycan əsgəri dönməz geri” sözlərinə sadiq qalıb:

“O, 44 gün Azərbaycan tarixinə və dolayısıyla türk tarixinə qızıl hərflərlə yazıldı. Ümid edirəm, bu 44 gündə qazanılan uğurlar haqqında 44 il və daha sonralar da danışmağa davam ediləcək”.

Ermənistanın törətdiyi qətliamları, yaşanan faciələri və üçüncü tərəfin mövqeyini əsla unutmayacağını bildirən Akar Türkiyə və Azərbaycanın kədər və sevincdə birlikdə olduqlarını vurğulayıb:

“Bu birlik sonsuza qədər davam edəcək. Ümid edirəm ki, bu, ölkələrimizin, türk millətinin xeyrinə olacaq və onların gələcəklərinin təminatı olacaq. Necə ki, 102 il əvvəl Nuri Paşa ilə birlikdə Azərbaycan türklərinin işğalçılara qarşı mübarizəsinə qoşulduq və qalib gəldik, bu gün də eyni ruhdayıq. Yenə də hər cür mübarizə və təhdidlərə qarşı çiyin-çiyinə mübarizə apardıq. Buna görə hər kəs bu mövzuda ağlını başına yığmalıdır. O günün Qafqaz ordusu, bugünkü Azərbaycan Ordusu bütün texnologiyaları istifadə edərək və bütün imkanları səfərbər edərək bu nəcib millətin rifahı və sağ qalması üçün hər cür səy göstərdi və bundan sonra da göstərəcək”.

O, sözlərinin sonunda şəhidlərə rəhmət diləyib, qazilərə minnətdarlığını bildirib və bütün heyətin yeni ilini təbrik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir