İğtişaşlar Qazaxıstana nə qədər zərər vurub?

“Qazaxıstandakı iğtişaşlar ölkəyə 100 milyon dollardan artıq ziyan vurub”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov “Facebook” hesabında paylaşım edib. 

O qeyd edib ki, zərərin miqyası genişlənməkdədir:

“Qazaxıstan Daxili İşlər Nazirliyinin xəbərinə görə, artıq 2 mindən çox şəxs həbs edilib. Təhlükəsizlik qüvvələri arasında ölənlərin sayı 18-ə çatıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMK) Qazaxıstana hərbi qüvvə göndərilməsini davam etdirir.

Qeyd edək ki, Qazaxıstan əksər iqtisadi göstəricilərə görə MDB-də ikinci yerdədir. Belə ki, adam başına düşən ÜDM-nin həcminə görə Qazaxıstan Rusiyadan sonra ikincidir: illik 9 min dollar. Orta əməkhaqqı məbləğinə görə də, Ukrayna ilə birlikdə şimal qonşumuzdan sonra öndədir. 373 dollar orta aylıq əməkhaqqı olan Qazaxıstanda illik ixrac 66 milyard dollardır. Bu göstəriciyə görə sözügedən ölkə dünyada ilk əllilikdə olmaqla MDB-də ikincidir.

Qazaxıstandakı hadisələr birjalara da təsirsiz ötüşməyib. Qlobal bazarda uranın qiyməti təxminən səkkiz faiz bahalaşaraq bir funt üçün 45,25 dollara çatıb. Qeyd edək ki, Qazaxıstan dünyadakı uran ehtiyatının təxminən 40 faizini istehsal edir. Bu arada, bitkoin də 47 300 dollardan 41 400 dollaradək ucuzlaşıb.

Bütün bunların fonunda, son iğtişaşlardan Qazaxıstan iqtisadiyyatı da itkisiz çıxmayacaq. Reallıq budur ki, Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan yeni mərhələyə qədəm qoyur. Ümid edirik ki, qardaş Qazaxıstan xalqı bu proseslərdən az itki ilə çıxa biləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir