İlham Əliyevə təqdim edilmiş “Türk Dünyasının Ali Ordeni”nin dizayneri ilə ÖZƏL MÜSAHİBƏ + FOTO

Noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Türk Dünyasının Ali Ordeni”ni təqdim edib.

Ali Baş Komandan İlham Əliyev bu ordenə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə layiq görülüb.

Bununla bağlı Dövlət Başçıları Şurası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul edib.

Oxu.Az-ın əməkdaşı sözügedən Ali Ordenin dizayneri, “Element” şirkətinin həmtəsisçilərindən olan Adəm Yunisovla həmsöhbət olub.

Türkiyədə yaşayan tanınmış azərbaycanlı dizayner Adəm Yunisov Naxçıvanda anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini qardaş Türkiyədə almaq üçün yola düşən həmvətənimiz 20 ildən çoxdur orada yaşayır. O, burada öz biznesini qurub. “Element Visual Studio” adlı şirkəti yaradan A.Yunisov peşəkar komanda ilə fəaliyyət göstərən, öz layihələri, qazandıqları uğurlarla müxtəlif ölkələrdə tanınırlar.

Adəm Yunisovun Oxu.Az-a müsahibəsini təqdim edirik:

– Adəm bəy, sizi bir qədər yaxından tanıyaq…

– Azərbaycanda layihələrimizin ilk dəfə ictimailəşdirilməsi “Baku 2015” Birinci Avropa Oyunları ilə başladı. Ondan öncə də biz böyük layihələrə imza atmışıq. Türkiyədə layihələrimizin bir çoxu ictimaiyyətə məlum idi. Azərbaycan mediası, cəmiyyəti ilə ilk tanışlığımız Birinci Avropa Oyunları ilə başlayıb, bu günə qədər davam edir. Həm özəl, həm də bir çox dövlət layihələrində yer almışıq.

– Siz həm də Türkiyə Cümhuriyyətinin 100 illiyi loqotipinin müəllifisiniz. Məhz bu loqonun qardaş ölkədə dizayn sahəsində çalışan azərbaycanlı dizaynerin hazırlanması diqqət çəkib.  Bu barədə zəhmət olmasa məlumat verərdiniz.

– Bildiyiniz kimi, 1923-cü il Türkiyə Cümhuriyyətinin Quruluş İlidir. 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi olacaq. Bununla əlaqədar 1919-cu ildən başlayan “Qurtuluş savaşı”nın 2019-cu ildə 100 illiyi ilə bağlı loqo da bizim tərəfimizdən hazırlandı. Bu loqo artıq Türkiyədə istifadə edilir. Lakin 2023-cü ildə təntənəli şəkildə nümayiş ediləcək. Eyni ildə həm də ilk “Türk Dünyası Ali Ordeni” də bizim tərəfimizdən dizayn edilib. İlk dəfə bu medal Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qazaxıstanın birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim edilib. Əslində “Türk Dünyası Ali Ordeni”nin təməli 2019-cu ildə qoyulub. Türk dünyasını qürurlandıran liderlərin təltif edilməsi üçün nəzərdə tutularaq dizayn edilib. Çox xoşbəxtəm ki, bu il bu qürurverici orden bizim ölkə başçımız, Ali Baş Komandanımız İlham Əliyevə təqdim edilib.

– Adəm bəy, “Türk Dünyasının Ali Ordeni”nin müəllifi kimi həmvətənləriniz sizinlə qürur duyur. Bəs necə oldu ki, ordenin dizaynı sizə həvalə edildi?

– Əvvəlcə onu deyim ki, bu, bizim komandamızın uğurudur. Bəzi layihələrdə mənim fərdi zəhmətim olsa da, bu layihənin peşəkar kollektiv əməyi olduğunu hər zaman vurğulamışam. Bu, bizim üçün çox böyük uğurdur. Əslində belə deyim ki, 20 ildən çoxdur ki, dizayn sahəsində fəaliyyət göstərirəm. 10 ilə yaxındır ki, “Element Visual Studio” öz peşəkar komandası ilə fəaliyyət göstərir. “Element Visual Studio”nun Bakı filialı da mövcuddur. Düşünürəm ki, işin bizə təklif edilməsində komandamızın uğurlu layihələrə imza atmasının böyük rolu oldu. Xüsusilə mövzu Türk dünyası ilə bağlı olduğunda qardaş ölkədə çalışan azərbaycanlı dizayner kimi bizim də təkliflərimizi öyrənmək üçün müraciət etdilər. Bizim məsələyə baxışımız, dizayn zamanı istifadə etdiyimiz incəliklər onların da diqqətini çəkdi. Nə xoş bizə ki, belə bir layihənin müəllifi olduq.

Məncə, burada bizim yanaşmamız, türklüyün eyni soya mənsub olmasını dərk edərək bu iş üzərində çalışmamız səbəb olub. Odur ki, peşəkarlıq və vətənpərvərlik duyğularının harmoniyası nəticə olaraq belə bir orden ərsəyə gəlib.

– Nə qədər nümunə və ya şirkətlərin təklif etdiyi dizayn üzərindən sizin təklifiniz seçildi?

– Bu barədə dəqiq məlumatım yoxdur. Eyni zamanda, bu, bir qədər ticari məlumatlar olduğu üçün düşünürəm ki, ictimailəşdirilməsi məqbul hesab edilməz. Amma sualınızı belə cavablandırım ki, bu gün hər hansı dizayn şirkətindən “belə bir layihəni işləmək istərdinizmi?” sualına “əlbəttə” cavabı alarıq.

– Gələk “Türk Dünyası Ali Ordeni”nin dizaynına. Ordenin ideyası, dizaynı, üzərindəki detallar nə qədər müddət ərzində hazırlanıb?

– “Türk Dünyası Ali Ordeni”nin adı istisna olmaqla bütün detalları bizə aiddir. Orden üzərində işlənən hər bir xırda detalın özünün simvolik mənası var. Təbii ki, bu simvollar işlənməzdən qabaq türk tarixi, türk xalqlarının simvolları üzərində ciddi araşdırmalar aparılıb. Dizayn işi əslində kreativ, yaradıcı fikirdir və bir anda insanın ağlına gəlir, geri qalanı texniki işlərdir. Bunun iş strukturu 20 gün çəkdi, lakin ideyanın ərsəyə gətirilməsi komanda şəklində aparılan araşdırmaların yekununda aldığımız qərara əsasən həyata keçirilib. Məşhur söz var “100 ölç, bir biç”.

“Türk Dünyası Ali Ordeni” hazırlandığı material, digər detalları, simvolları barədə məlumat verə bilərsinizmi?

– Orden 8 qat qızıl və brilyantdan hazırlanıb. Ağ və sarı qızıldan hazırlanan ordenin işlənməsində altısı 0,1 karat, 18-i isə 0,015 karat olmaqla cəmi 24 brilyantdan istifadə edilib. Ordenin xarici diametri 97,09 mm, daxili diametri 64,30 mm-dir.

Ordenin dizaynında Türk Şurasının ətrafında böyük dairə formasını təşkil edən 6 türk dövlətini simvolizə edən 6 ədəd səkkizguşəli ulduz həkk olunub. Hər bir ulduzun üzərindəki böyük brilyant həmin dövlətin zəngin mədəni keçmişini və parlaq gələcəyini simvolizə edir. Ümumilikdə 8 qat qızıldan ibarətdir. İstehsal zamanı yarım kiloqram qızıldan istifadə edilib. Lakin yekun olaraq 400 qram qızıldan ərsəyə gəlib. Böyük brilyantların ətrafına qoyulmuş 18 kiçik brilyant isə qüdrətli Türk Dünyasına səpələnmiş işıqlar kimi təsvir edilir. Ordenin ortasında həkk olunan böyük altıguşəli ulduz türk dünyasının gücünü simvolizə edir.

Çox qürur duyuram ki, müəllifi olduğum orden doğulub boya-başa çatdığım ölkənin liderinə təqdim edildi. Xoşbəxtəm ki, bu orden 44 günlük Vətən müharibəsində xalqına tarixi zəfər, qələbə qazandıran Ali Baş Komandan İlham Əliyevə onun güclü liderliyinə görə təqdim edildi.

– Ordenin adının ingilis dilində yazılması diqqət çəkib. Bu da sizin öz təklifiniz olub, yoxsa necə?

– Xeyr, dediyim kimi, ordenin adı barədə biz heç bir təklif verməmişik. Medalın üzərindəki yazı ingilis dilində qeyd edilib. Bu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Dövlətləri Təşkilatı – red.) tərəfindən irəli sürülüb. Onlar qərar qəbul edən zaman türk dövlətlərinin administrasiyaları ilə müvafiq müzakirələr aparırlar və ortaq qərar verilir. Amma düşünürəm ki, beynəlxalq və diplomatik dil kimi ingilis dilini seçiblər. Bundan əvvəl Nursultan Nazarbayevə təqdim edilən medalın da üzərində sözlər ingilis dilində yazılıb, sadəcə qeydlər fərqlidir.

– Növbəti “Türk Dünyası Ali Ordeni” hansı türk dövlətinin rəhbərinə təqdim ediləcək?

– Bununla bağlı mənim heç bir məlumatım yoxdur. Yəqin ki, zamanı gəldiyində aidiyyəti üzrə məlumatlar ictimailəşdiriləcək. Bu sahədə məlumat vermək səlahiyyətimin olmadığını düşünürəm.

– Vətən müharibəsi zamanı arxa cəbhədə hər hansı layihələriniz oldumu?

– 44 günlük Vətən müharibəsi zamanı Türkiyədə qardaşlarımızın bizə necə dəstək olduğunu, mediadan Azərbaycan üçün alınan hər xoş xəbərə görə necə qürur duyduqlarını, sevindiklərini görürdüm. Biz də digər insanlar kimin nəyə gücümüz çatırdısa, arxa cəbhədə əlimizdən gəldiyi qədər motivasiya xarakterli işlər görürdük. Onlar arasında bizim şirkətin də layihələri var idi.

Şuşanın işğaldan azad olunması ərəfəsində maraqlı bir layihə hazırladıq. O dövrdə komanda ilə birlikdə düşündük ki, Şuşa geri alındıqdan sonra tarixi Şuşa qalasının üzərindəki yazı yenilənməlidir. Bu, bizim zehinimizdə uzun müddət qalan bir məfhum idi. Bununla bağlı sadəcə insanları ruhlandırmaq üçün bir təklif hazırladıq. Sosial şəbəkdə bu paylaşıldı və çox insanlar tərəfindən bəyənildi. Hətta insanlar bunu real olaraq qəbul etmiş kimi reaksiyalar verdilər. Şuşa artıq sürətlə yenilənir, qısa müddətdə Şuşanı dünyaya tanıdacaq layihələrin hazırlanacağına inanıram. Kim edəcəksə, etsin, əsas odur Vətənimiz üçün edək.

– İlk hazırladığınız layihə yadınızda qalıbmı?

– Maraqlı sual oldu, bir az düşünəcəm, 20 il əvvələ getməli olacam. Əslində mənim oxuduğum sahə kompüter mühəndisliyidir. Mən hobbimi peşəkar işə çevirən şanslı insanlardan biriyəm. O zaman biz hələ bu işlərlə məşğul olmurduq, amma hobbim olduğu üçün hər zaman bu sahəyə meyil edirdim. Çalışdığım şirkətdə kataloq hazırlanması zamanı dizayn böyük bir səhvə yol vermişdi. Bu problemin həlli üçün də lazımı məlumatlar, fayllar yox idi. Mən bir gecədə sırf maraq üçün o kataloqu işləyib hazırlamışdım. Sonra o iş şirkətin müdiri tərəfindən çox bəyənilmişdi.

Normalda bu sahədə iş təhvil verilən zaman sifarişçidən rənglə, hansısa detalla bağlı dəyişilməsinə dair müraciət gəlir. Amma işlərim arasında bəlkə o kataloq da daxil olmaqla bir neçə işə heç bir dəyişiklik istəyi gəlmədən 100 faiz qəbul edilmişdi. Bu, bir az da mənə özgüvən, motivasiya qazandırdı.

– Heç olub ki, peşəkarlığınıza görə ermənilər tərəfindən sizə hansısa layihə sifariş verilsin?

– Söhbət sırf məndən gedirsə, xeyr. Belə bir sifariş olmayıb, əsla ola da bilməz. Mən xarakter olaraq bu kimi məsələlərdə həssasam. Tam əksinə bizim “Baku 2015” Birinci Avropa Oyunları ilə bağlı hazırlanan loqotipimiz ermənilər tərəfindən oğurlanıb, plagiatı hazırlanmışdı. Bununla bağlı mən şəxsən beynəlxalq səviyyədə şikayət ünvanlamışam.

– Adəm Yunisov Azərbaycana yenidən qayıda bilər?

– Mən Türkiyədə yaşasam da, Azərbaycana çox bağlı bir insanam. Tez-tez ölkəmə gedib-gəlirəm. Belə deyim ki, şirkətimizin artıq Bakı filialı fəaliyyət göstərir. Bu yaxınlarda bizim bir çox yeni layihələrimiz barədə də məlumat alacaqsınız. Əvvəlcədən demək istəmirəm, amma çox maraqlı layihələr üzərində çalışırıq. Bunlar ticari işlər olduğu və bu gün danışdığımız mövzudan uzaq olduğu üçün çox toxunmaq istəmirəm.

– Bu yaşa qədər öz sahənizdə kifayət qədər uğurlara imza atmısınız. Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibəti ilə hazırlanan loqonun müəllifi olmaq, düşünürəm ki, hər kəsin arzusudur. 25 il əvvəl təhsil üçün qardaş ölkəyə gedən azərbaycanlı bu gün belə bir uğura imza atacağını düşünürdümü? Ümumiyyətlə bu sahəni seçmək istəyən gənclərə nə tövsiyə edərdiniz?

 Mən 18 yaşında təhsil üçün qardaş ölkəyə getdim. Orada təhsil aldım və sərbəst olaraq iş həyatına atıldım. Bu müddət ərzində həm öz üzərimdə işlədim, həm də daim öz vətənimi qardaş ölkədə qazandığım uğurlarla təmsil etdim. Mənim qazandığım uğur bu gün yalnız yaxınlarımın deyil, bütün xalqımın adına yazılır. Gənclərə tövsiyə edərdim ki, öz məqsədlərinin ardınca getsinlər. Heç zaman geri çəkilməsinlər. Öz üzərlərində daim çalışıb, inkişaf etsinlər. Xüsusilə rəqabət şəklində çalışsınlar ki, təkmilləşə bilsinlər. Mənim uğur hekayəmdən və daha yaxşı uğur hekayələrindən örnək götürsünlər.

Könül Cəfərli
FOTO: Firudin Səlimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir