İlham Əliyev: “Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib”

“Əlbəttə, bu gün biz regionda münaqişədən sonrakı vəziyyəti də ətraflı müzakirə etdik. Azərbaycan ilə Ermənistan arasında müharibənin başa çatmasında və münaqişədən sonrakı dövrdə nizamlama səylərində roluna görə Rusiyaya və şəxsən Prezident Vladimir Vladimiroviç Putinə təşəkkür edirik”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mətbuata bəyanatında deyib.

“Hesab edirəm ki, belə çoxillik, – otuz ilə yaxın, – qarşıdurma, Azərbaycanın üzləşdiyi böyük itkilər şəraitində bir ildən bir qədər çox vaxt keçəndən sonra Azərbaycan və Ermənistan ən azı iki beynəlxalq formatda, məhz Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup, habelə Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanın daxil olduğu “3+3” platformasında fəaliyyət göstərirsə, bu, artıq bizim niyyətlərimizin göstəricisidir.

Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək. Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki, bu istiqamətdə iş çox ləng gedir.

Artıq qeyd etdiyim kimi, Prezident Vladimir Vladimiroviç Putin müharibənin başa çatmasında, nizamlamanın qaynar fazadan siyasi nizamlama fazasına keçməsində mühüm rol oynayıb. Bu gün Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün yollar axtarışında bizim əsas tərəfdaşımızdır. Bunun üçün imkanlar var. Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri də əhatə edəcək”, – Azərbaycanın dövlət başçısı qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.