İlham Əliyev: “Azad edilmiş ərazilərdə yeni su anbarlarının tikintisi gündəlikdə duran məsələdir”

“Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Su anbarının çox böyük strateji əhəmiyyəti var. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara – Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi”.

Bu sözləri Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, işğal zamanı mənfur düşmən bizə qarşı ekoloji terror da törədirdi, su terroru törədirdi:

“Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və məruzə qəbul edilmişdi, qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, bizim böyük uğurumuz idi. Təsadüfi deyil ki, ondan sonra bu məruzəni hazırlayanlara qarşı erməni lobbi təşkilatları mənəvi terror siyasəti aparmağa başlamışdı. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər. Yəni bu, bir daha göstərir ki, biz hansı çirkin düşmənlə üz-üzəydik. Onlar bütün imkanlardan istifadə edib bizə daha böyük ziyan vurmaqla məşğul idilər. Suqovuşan qəsəbəsinin azad edilməsi və su anbarının bizim nəzarətimizə keçməsi nəticəsində artıq Ermənistan dövlətinin bu imkanları da onların əlindən çıxdı. İndi buraya biz hakimik. Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir. Artıq su mənbələrinin bütün xəritələri tərtib edilib və yeni su anbarlarının tikintisi gündəlikdə duran məsələdir.

Eyni zamanda, vaxtilə sovet dövründə su anbarının yanında ulu öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Müharibə zamanı düşmən bu stansiyaları da dağıtmışdır. Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyası müharibə zamanı və müharibədən sonra ki, onlara bu rayonlardan çıxmağa vaxt verilmişdi, ermənilər onları dağıtmışdılar, onların bərpası gedir. O cümlədən, ilk növbədə, “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmışdır və artıq bu stansiyalar işlək vəziyyətdədir. Onlar yenidən quruldu, yenidən tikildi. Bu, bir daha bizim gücümüzü və siyasətimizi göstərir. Biz infrastruktur layihələrinin icrası ilə bağlı çox ciddi addımlar atırıq və müharibənin başa çatmasından hələ bir il keçməyib, görün nə qədər böyük işlər görülür. Bu bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Bu qəsəbənin azad edilməsinin digər önəmli tərəfi, bir daha demək istəyirəm ki, mənəvi-psixoloji üstünlüyümüzün daha da möhkəmləndirilməsidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir