İlham Əliyev Boris Consona təbrik məktubu göndərdi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Martın 11-də Böyük Britaniya və Azərbaycan Respublikası diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəklər. Bu fürsətdən istifadə edərək Böyük Britaniyanın ölkələrimiz arasındakı əlaqələrə verdiyi əhəmiyyəti bir daha qeyd etmək istərdim.

Son 30 il ərzində Böyük Britaniya və Azərbaycan Respublikası mühüm strateji tərəfdaşlığın inkişafı etdirilməsi üçün birgə çalışıblar. Mən çox şadam ki, Böyük Britaniya sərmayələrinin Azərbaycanın enerji sektoruna yatırıldığı ilk vaxtlardan etibarən bu əlaqələr genişlənib və çiçəklənib. İnvestisiya və ticarət artmaqda davam edir, təhsil və mədəni əlaqələrimiz son dərəcə sıxdır, biz iqlim dəyişikliyi və təmiz enerji, regional təhlükəsizlik, qadın və qızlara dəstək daxil olmaqla mühüm məsələlər üzrə getdikcə daha böyük dəyər qazanan əməkdaşlığa nail olmuşuq.

Böyük Britaniya Azərbaycan Respublikasının sarsılmaz və dəstək verən tərəfdaşıdır və bundan sonra da olacaqdır. Qarşıdakı illərdə tərəfdaşlığımızın davamlı şəkildə inkişaf edəcəyini böyük ümidlə gözləyirəm”.

Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson təbrik məktubu göndərib. 

Məktubda deyilir: 

“Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, dost xalqınıza ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan Birləşmiş Krallıq ilə dostluq və əməkdaşlığa xüsusi əhəmiyyət verir. Sevindirici haldır ki, son otuz ildə ölkələrimiz arasında qarşılıqlı inam və dəstəyə əsaslanan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz dinamik şəkildə inkişaf etmişdir.

Bu dövr ərzində iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər məmnunluq doğurur. Birləşmiş Krallıq bu günədək Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırmışdır. Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biri olan ölkənizi təmsil edən 600-ə yaxın şirkət Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunub və uğurla fəaliyyət göstərirlər.

Enerji sahəsində sınaqdan çıxmış çoxillik strateji tərəfdaşlıq münasibətlərimizi xüsusi qeyd etmək istəyirəm. 1994-cü ildə “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş enerji sahəsindəki əməkdaşlığımızın bu gün də müvəffəqiyyətlə davam etməsi səmərəli işgüzar əlaqələrimizin və qarşılıqlı etimadın təzahürüdür. Neft-qaz hasilatında etibarlı tərəfdaşımız olan BP şirkəti ilə strateji əməkdaşlığımız məmnunluq doğurur. Cənub Qaz Dəhlizinə Birləşmiş Krallığın verdiyi dəstəyi yüksək qiymətləndirir, layihənin inşasının uğurla başa çatması münasibətilə təbriklərimi yetirirəm.

Əlamətdar haldır ki, bu gün enerji sahəsində əməkdaşlığımız inkişaf edərək yeni müstəviyə çıxmışdır. Azərbaycanın “yaşıl enerji”yə keçid istiqamətində ölkəniz ilə birgə fəaliyyəti qeyri-neft sektorunda əlaqələrimizin şaxələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda biz Birləşmiş Krallığın şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfəni alqışlayır, bu ərazilərin yenidənqurulması və bərpası işlərində yaxından iştirakını təqdir edirik.

İnanıram ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Birləşmiş Krallığın dost xalqına daim firavanlıq arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.