İlham Əliyev: “Erməni xalqı dövlət qura bilmir, ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir”

“Bu gün əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə varsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular”. 

Bunu Prezident İlham Əliyev Ağdam şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

“İndi görün, bütün dünya bunlara gülür. Baş nazir bir versiyanı deyir, baş qərargah rəisinin müavini başqa versiya deyir, özü də bir gündə. Bu versiyalar da yalandır. Yəni, 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər”, – deyə Prezident qeyd edib. 

İlham Əliyev deyib ki, 30 il ərzində bunların unikal şansı var idi – əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi: 

“İndi görün, necə, hansı rüsvayçı durumdadırlar. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar – indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir”.

“Biz isə öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik. Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. 44 günlük müharibə və müharibədən sonrakı dövr, – altı ay artıq keçibdir, – bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcəkdir”, – deyə İlham Əliyev vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir