İlham Əliyev: “Ermənistan sülh istəmir, onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər”

“Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində aparıcının münaqişənin uzanmasının səbəbləri barədə sualını cavablandırarkən səsləndirib.

“1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə BMT Təhlükəsizlik Şurası qoşunların bizim ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır.

Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk Qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur.

Qeyd etdiyim kimi, əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır”, – dövlət başçısı qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir