İlham Əliyev: “Kəlbəcər və Laçında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir”

Azad edilmiş torpaqlarda, eyni zamanda, böyük enerji potensialı var. Bəri başdan demək istəyirəm ki, mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim. Kifayət qədər imkanlar var. Birincisi, Xudafərin və Qız qalası hidroqovşaqlarında qurulacaq su elektrik stansiyaları böyük enerji potensialına malikdir. Bu stansiyalar işə başlayandan sonra bizə düşən enerji gücləri təqribən 100 meqavatdan çox olacaqdır. Eyni zamanda, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir. 

Bu sözləri yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə deyib.

“Mənfur düşmən bu torpaqlardan çıxanda bütün su elektrik stansiyalarımızı da məhv edib. Ermənilər 13 su elektrik stansiyasını dağıdıblar, məhv ediblər. Görün, evləri yandırıblar, meşələri qırıblar, su elektrik stansiyalarını dağıdıblar, özlərini vəhşi kimi aparıblar. Eybi yoxdur, biz o stansiyaları yenidən quracağıq. Ona görə ərazilərin bərpası proqramında bu məsələ üçün vəsait ayrılmalıdır. Mütəxəssislər yerində baxmalıdırlar, təkliflər verməlidirlər. Əlbəttə ki, bu stansiyaların nə vaxt işə düşəcəyi ardıcıllığı müəyyən edilməlidir. Çünki hələ ki, orada əhali yoxdur. Bu stansiyaların işə düşməsi oraya əhalinin qaytarılması və iqtisadi-sənaye fəaliyyətinin bərpası ilə uzlaşmalıdır. Amma bu işlər mütləq indidən görülməlidir. 

Bütün bu bölgə dünya üçün yaşıl enerji zonası kimi bir nümunə olacaq. Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, – mən buna şübhə etmirəm, – həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. Eyni zamanda, ən müasir texnologiyalar tətbiq edilməlidir, iqtisadi cəhətdən ən sərfəli texnologiyalar, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji – su, külək, günəş. Nəzərə alsaq ki, bərpaolunan enerji növlərinə çox böyük maraq var və keçən il müzakirə olunan layihələr artıq reallaşır. 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə start verilir, xarici investor bu stansiyanı öz pulu ilə tikəcək. Digər layihə – 200 meqavat gücündə günəş elektrik stansiyası nəzərdə tutulur. Bunları nəzərə alaraq biz xarici investorları azad olunmuş torpaqlara cəlb etməliyik. 

Çünki bu gün bu sahəyə investisiya qoymaq istəyən böyük transmilli şirkətlərin sayı kifayət qədər çoxdur. Bəlkə 10-a yaxın şirkət maraq göstərir və onlar üçün əsas istiqamət azad edilmiş torpaqlar olmalıdır. Biz öz enerji potensialımızı gücləndiririk. İndi gücü 300 meqavatdan çox olan Qobu elektrik stansiyası da inşa edilir və bu, bizim enerji potensialımızı gücləndirəcək. Azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən enerji sistemi yaradılmalıdır. Göstəriş verilib, artıq Şuşa şəhərinə iki xətt çəkilir, biri “Azərenerji”, digəri “Azərişıq” tərəfindən. Əlbəttə, biz bunu operativ qaydada icra etməliyik. Çünki hazırda Şuşada ancaq generatorlar işləyir. Amma azad edilmiş bütün torpaqlarda bizim enerji sistemimizə inteqrasiya edilmiş, bir-biri ilə bağlı olan enerji sistemi yaradılmalıdır. Bu sahədə həm görülmüş işlər, həm də planlar haqqında məlumat vermək üçün söz energetika nazirinə verilir”, – deyə prezident bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir