İlham Əliyev Türk dünyasına misilsiz xidmətlər verən liderdir – MÖVQE

“Prezident İlham Əliyevin rəhbrəliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq birlik tərəfindən təqdirlə qarşılanır. Bu baxımdan noyabrın 12-də İstanbulda keçirilən Türk Şurasının VIII Zirvə Görüşündə cərəyan edənlər də xüsusi önəm kəsb edir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Türk Şurasının zirvə gürüşündə Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması mühüm əhəmiyyət kəsb edən bir hadisədir:

“Həmin zirvə görüşündə bu Ali Orden cənab Prezidentə təqdim edildi. Qeyd edim ki, Prezident İlham Əliyevin Türk dünyasının ali mükafatı ilə təltif edilməsi Azərbaycan Prezidentinin böyük şəxsiyyətinə, Türk dünyasında liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna dəlalət edir.

Qısası, Azərbaycan öz ərazilərini işğaldan azad etməsi türk birliyinə mühüm töhfə verdi. Ali Orden Prezidentin bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir”, – deyə V.İskəndərov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazandıqdan sonra türk dünyasının daha da sıx birləşməsi üçün zəmin yaranıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdimetmə mərasimində bəyan etdiyi kimi, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub.

Bu, təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilib. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk edib. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirib. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olub. Bir sözlə, Türkiyə Prezidentinin də bəyan etdiyi kimi Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb”.

V.İskəndərov qeyd edib ki, Azərbaycanın dövlət başçısı eyni zamanda Türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanıb.

Deputatın sözlərinə görə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən liderdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir