İlham Əliyev üçün Azərbaycanın bütün bölgələrinin inkişafı prioritet təşkil edir – TƏHLİL

Müharibədən sonra regionumuzda yaranmış yeni reallıqlar Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işlərinə start verməsinə zəmin yaratdı. Ancaq ölkədə aparılan quruculuq işlərinin əhatə dairəsi yalnız Qarabağ və Şərqi Zəngəzurla məhdudlaşmır. Çünki Azərbaycan dövləti tərəfindən respublikanın bütün bölgələrində zəruri addımlar atılır, yeni yolların, təhsil və tibb müəssisələrinin tikilməsi, eləcə də bərpa-quruculuq işlərinin aparılması prosesi intensiv şəkildə davam etdirilir.

Üstəlik, bu proseslər birbaşa dövlət başçısının şəxsi nəzarətində saxlanılır. Azərbaycan Prezidenti bölgələrə mütəmadi səfərləri çərçivəsində qarşıya qoyulmuş tapşırıqların icrası səviyyəsi ilə maraqlanır, yeni tapşırıq və vəzifələri müəyyən edir.

Bu mənada dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şamaxı və İsmayıllı rayonlarına noyabrın 1-də həyata keçirdikləri səfər də Azərbaycan dövlətinin ölkədə hərtərəfli inkişaf və yenidənqurma xəttini icra etməsinin əyani sübutuna çevrilib.

Azərbaycanın müasir simasının formalaşdırılmasında bu cür səfərlərin önəmli rol oynadığını qeyd etməliyik. Bu səfərlər çərçivəsində yerli əhali ilə söhbətləşən dövlət başçısı və birinci vitse-prezident məhz onlardan birbaşa olaraq problemli məsələləri dinləyir, müvafiq göstəriş və tapşırıqları ilə məsələnin sürətli şəkildə həllinə nail olur.

Elə İsmayıllı rayonunun Lahıc qəsəbəsində təmir olunan Bədöyün məscidi ilə bağlı vəziyyət də bu qəbildəndir. Belə ki, 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmiri ilə bağlı müraciət etmişdilər. Birinci vitse-prezident məsciddəki vəziyyətlə tanış olmuş və burada əsaslı təmir işlərinin aparılması barədə tapşırıq vermişdi.

Bundan sonra 1791-ci ildə inşa edilən Bədöyün məscidində və ətraf ərazilərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılıb. Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpa edilib.

Ancaq Heydər Əliyev Fondunun fəaliyyəti heç də tarixi abidələrin bərpası ilə məhdudlaşmır. Fond ölkəmizdə müxtəlif sahələri əhatə edən layihə və proqramların həyata keçirilməsi ilə məşğul olur.

Sirr deyil ki, ölkəmizin turizm potensialının artırılması da dövlətimizin daim diqqət mərkəzində dayanan məsələlərdəndir. Turizm potensialı baxımından xüsusilə seçilən Lahıc bölgəsində görülən işlər turistlərin Lahıca olan marağını daha da artırıb. Belə ki, 2019-cu ildə Lahıca 89 min nəfər turist gəlib. Onun da 37 minini xarici turistlər təşkil edib. Bu ilin sentyabrına qədər isə artıq Lahıcı 82 min turist ziyarət edib.

Ölkədə yol infrastrukturunun qurulması və yenilənməsi məsələsini də daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev səfər çərçivəsində eyni zamanda İsmayıllı rayonunda Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib. Bu yolla 4 minə yaxın əhalinin yaşadığı üç yaşayış məntəqəsi arasında gediş-gəlişin rahatlaşdırılması planlaşdırılıb. Daim əhalinin problemlərini diqqət mərkəzində saxlayan Azərbaycan dövləti yeni yolların çəkilməsi ilə eyni zamanda ölkədə iqtisadi proseslərin inkişafına təkan verir. Yeni yollar regionlararası ticarət münasibətlərinin inkişafında mühüm rol oynayır.

Son illər ölkədə enerji təchizatı sisteminin yenidən qurulması ilə bağlı da əhəmiyyətli addımlar atılır. Bu istiqamətdə müasir şəbəkələrin yaradılması və bu şəbəkələrin bir-biri ilə əlaqələndirilməsi sürətlə davam edir. Bu proses həmçinin dövlət başçısının səfər etdiyi Şamaxı ərazisində də uğurla davam etdirilir. Belə ki, səfər zamanı Azərbaycan Prezidenti tərəfindən “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı olub. İlk dəfə olaraq Regional SCADA sistemi Mərkəzi SCADA sisteminə qoşulub.

Rayonda həmçinin “Meysəri” yarımstansiyasında da əsaslı yenidənqurma işləri aparılıb. Perspektivdə bu yarımstansiya Şamaxı və İsmayıllı rayonlarının elektrik şəbəkələrini əlaqələndiriləcək.

Prezidentin Şamaxı səfəri çərçivəsində diqqət çəkən digər bir məqam Şamaxıda yerli futbol ənənələrinin yenidən bərpasına yönəlmiş addımların atılmasıdır. Azərbaycan dövlətinin idman sahəsinə göstərdiyi qayğı futboldan da yan keçmir. İdmanın ölkədə kütləviliyinin təmin olunması üçün görülən işlər çərçivəsində bir çox komplekslər tikilir, regionlarda müasir idman meydançaları istismara verilir. Dövlət tərəfindən əsas diqqət yeni idmançı nəslinin yetişdirilməsinə yönəlib və bu cür idman obyektlərinin istifadəyə verilməsi sözügedən məqsədə çatmaq üçün mühüm rol oynayır.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxıda səfərdə olarkən yeni məktəb binasının açılışında iştirak edib. 1972-ci ildə inşa olunan akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbi tədris üçün artıq yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəb üçün yeni binanın tikilməsinə qərar verilib. Təhsilin inkişafı ilə bağlı layihələrin icrasında da Heydər Əliyev Fondu öz dəsti-xətti ilə seçilir. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində ardıcıl olaraq irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr sırasına “Uşaq evlərinin və internat məktəblərinin inkişaf proqramı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları daxildir. Fondun bu proqramları çərçivəsində Şamaxı rayonunda da müxtəlif illərdə yeni təhsil ocaqlarının tikintisi, təmiri və lazımi avadanlıqla təmin edilməsi üzrə bir sıra layihələr reallaşdırılıb.

İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qarşısında dayanan əsas tapşırıq bütün sahələrdə sürətli inkişafa nail olmaqdır. Məhz bu baxımdan görülən işlər sadəcə yol-nəqliyyat, enerji məsələləri ilə yekunlaşmır. Eyni zamanda təhsilin inkişafına qayğı göstərilir, müasir məktəb binaları tikilərək istifadəyə verilir. Həmçinin regionların iqtisadi potensialı nəzərə alınaraq, burada müvafiq sahələrin inkişafı üçün addımlar atılır. Bütün bunlar Azərbaycan dövlətinin əhalinin rifah halını yüksəltmək naminə kompleks işlər gördüyünün əyani sübutudur.

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir