İlham Əliyev: “Vaqifin məqbərəsi bu il bərpa ediləcək”

Bir neçə gün bundan əvvəl mən Şuşaya səfər edəndən sonra bizim dini abidələrin bərpasına dair işlərin başlanması üçün də göstərişlər vermişəm. Bu məsələdə Heydər Əliyev Fondu fəal rol oynayacaq. Vaqifin məqbərəsinin bərpasına dair təlimatlar da verilib. Mən onun bu il bərpa olunmasını tapşırmışam. 

Bu sözləri Prezident İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edən zaman deyib.

“Biz bu il Vaqif poeziya günləri keçirilməsini bərpa etməyi, həmçinin “Xarı bülbül” festivalı keçirməyi planlaşdırırıq. Mənim Şuşanı Azərbaycanın mədəni paytaxtı elan etməyim təsadüfi deyil. Fikrimcə, Şuşa bərpa ediləndən sonra öz təbiətinə, landşaftına, tarixinə, tarixi abidələrinə görə haqlı olaraq bütün regionun mədəni paytaxtına çevrilə bilər. Əlbəttə, ümid edirəm ki, siz bizə növbəti gəlişinizdə Şuşaya səfər edəcəksiniz. İndi biz artıq oraya yol çəkirik. Lap yaxın vaxtlarda, bu il beynəlxalq aeroport açılacaq. Buna görə də Şuşa hələ çox beynəlxalq tədbirlər görəcək, bütün tarix boyu olduğu kimi, öz dostlarını, qardaşlarını qəbul edəcək”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir