İlham Əliyevdən Ermənistanın dövlət kimi taleyini sual altına qoyan xəbərdarlıqlar – OPERATİV ŞƏRH

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinə dair səsləndirdiyi fikirlər açıq qalan məsələlərə dair situasiyanın qeyri-müəyyən olduğunu göstərir. 

İlham Əliyevin Ermənistana çağırışının mayasında İrəvanı sülh müqaviləsini imzalamağa məcburetmə mexanizmləri dayanır, Prezident əks təqdirdə daha sərt addımların atılacağının anonsunu verir. 

Bunun səbəbləri: 

1. Azərbaycan delimitasiya və demarkasiya ilə bağlı Ermənistana aydın təkliflər irəli sürsə də, Ermənistanda bunun gələcəyinə dair açıq-aydın təsəvvürlər yoxdur, 

2. Ermənistan sülhün özünü təcriddən çıxarıb normal münasibətlər sistemində mövqe tutmasına gətirib çıxaracağına inansa da, ərazi bütövlüyü məsələsində böyük çaşqınlıq içərisindədir. Bu isə yekun sülh müqaviləsinin imzalanmasını ləngidir və Ermənistana vaxt qazandırır. 

Ermənistanın ərazi bütövlüyünə dair ikibaşlı mövqeyinin altından onun hələ də nələrəsə, hansı dövlətəsə güvənməsi dayanır, amma bu əbəsdir və heç bir fayda gətirmir. 

İlham Əliyev bu müsahibəsində Ermənistanı əməlli-başlı çalxalayacaq açıqlama verdi və Ermənistanın dövlət kimi taleyinin sual altına düşəcəyinə işarə edən konsepsiyanı ortaya qoydu. 

Söhbət ondan gedir ki, əgər Ermənistan sülh müqaviləsi imzalamaqdan imtina etsə və ərazi bütövlüyümüzü tanımasa, bu zaman Azərbaycanın kontur-tədbirləri daha sərt olacaq. 

İlham Əliyevin bəyanatının məğzi Ermənistanın qeyri-müəyyən və ikibaşlı mövqeyinin davamlı olacağı təqdirdə Azərbaycanın adekvat tədbirlərini özündə əks etdirir. Yəni: 

1. Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq, bu o deməkdir ki, Bakı Ermənistanın 1918-ci ildə və 1920-ci ildə Azərbaycandan aldığı ərazilər (İrəvan, Zəngəzur, Göyçə) uğrunda mübarizə aparacaq, 

2. Bu, Ermənistanın taleyinə işıq tutan xırda-para məqamları da aradan qaldıracaq və Ermənistan dövlət kimi qalmayacaq. 

İlham Əliyevin sitatı: “Hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”. 

Azərbaycan artan hərbi qüdrəti, Türkiyə ilə strateji müttəfiqlik əlaqələrinin dərinləşməsi fonunda bu xəbərdarlıq Ermənistan üçün “olum ya ölüm” seçimini təqdim edir. 

Olum olacaqsa, bu, İrəvanın öz xeyrinə nəticələnəcək, yox, ölüm variantı seçiləcəksə, bu zaman dövlət olaraq öləcək. 

İlham Əliyevin çıxışının xarakteri həm də onu göstərir ki, Azərbaycan postmüharibə dövründə əhəmiyyətli dərəcədə beynəlxalq dəstək qazanıb. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir