İlham Əliyevin Ermənistana sarsıdıcı diktəsi: Paşinyan da “status”a nöqtə qoyur – ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu ilin avqust ayında Xankəndidə səsləndirdiyi tezisin üzərindən böyük bir xətt çəkən açıqlama ilə çıxış edib.

Paşinyan Azərbaycan torpaqları işğal altında qalanda “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi özü bu tezisini darmadağın edir.

Səbəb isə aydındır:

1. Azərbaycanın Vətən müharibəsində Ermənistan üzərində həlledici qələbəsi,

2. Postmünaqişə dövründə yekun sülh müqaviləsinin imzalanması üçün aparılan danışıqlarda Azərbaycan tərəfinin sarsıdıcı diktələri,

3. Azərbaycanın postkonflikt zamanında Ermənistanla sərhəddə əhəmiyyətli üstünlük qazanması,

4. Bakının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində müşahidəsini gücləndirməsi, hər hansı təxribata adekvat cavablar verilməsi,

5. Ermənistanın qeyri-konstruktiv mövqeyinin beynəlxalq dəstək qazanması.

İndi Nikol Paşinyanın İrəvanın uydurma statuslu əraziləri Azərbaycan ərazisi kimi xarakterizə etməsi danışıqlar üzərindən bəzi sirr pərdələrini qaldırır.

Paşinyan deyir ki, əvvəllər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi ilə statusun dəqiqləşdirilməsi məsələsi BMT Təhlükəsizlik Şurasına verilib. Ancaq Təhlükəsizlik Şurasının qərarlarında Qarabağ Azərbaycan ərazisi kimi təsbit edilib.

Hazırda Paşinyan Azərbaycanla hərtərəfli sülh müqaviləsi imzalamağa razı olduğunu bəyan edir, bunun paralelində isə özlərinin tez-tez dilə gətirdiyi “statuslu zonalar”ın Azərbaycan ərazisi olduğunu bildirir. Qəbul edir ki, həmin ərazilər Azərbaycanın yurisdiksiyasına daxildir, buna görə də, Azərbaycan Konstitusiyasının müddəalarının həmin ərazilər üçün keçərli olduğunu qabardır.

Bu nə deməkdir?

Yacaqlarımız versiyadan çox dəqiq təsbit kimi qəbul oluna bilər:

1. Prezident İlham Əliyevin Rusiyanın və Qərbin təşəbbüsləri ilə keçirilən görüşlərdə yekun sülh müqaviləsi üçün şərti budur ki, Rusiya sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərindəki ermənilər yalnız Azərbaycanın hüquq sisteminin qanunlarına tam tabe olmağa məcburdur,

2. İlham Əliyev əvvəllər də deyib ki, qondarma status məsələsi müzakirə mövzusu ola bilməz, indi isə aydın olur ki, artıq Ermənistan da bu məsələdə dirəniş göstərə bilmir və masada üzərinə diktəedici şərtlər qoyulur.

Tək qaldığını və küncə sıxışdırıldığını dərk edən Nikol Paşinyan indi daha praqmatik mövqe nümayiş etdirir, yəni, bu, məcburiyyətdən irəli gələn addımlardır.

Noyabrın 26-də Soçidə, ardınca, dekabrın 13-də Brüsseldə keçirilən görüşlərin nəticəsinə dair qəbul edilən bəyanatlarda da saxta status məsələsinə bir kəlmə də olsun vurğu edilmir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir