İlham Əliyevin təşəbbüsü ilə BMT-də qətnamənin qəbulu böyük hadisədir – RƏY

“BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbulu böyük hadisədir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir.

Bu vəziyyətin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca faktorlardan biri olduğu vurğulanır.

Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, qəbul olunan qətnamə Azərbaycan dövlətinin nüfuzunun və beynəlxalq arenada söz sahibi olmasının göstəricisidir.

“Pandemiya başlayandan bəri cənab İlham Əliyev pandemiyaya qarşı mübarizə üçün qlobal səyləri birləşdirməyə çağırışlar edib.  Azərbaycan başqa ölkələrə humanitar yardımlar edib. Azərbaycan koronavirus pandemiyasında ən az itki verən ölkələrəndir”, – deyə Məlahət İbrahimqızı əlavə edib.

Deputat qeyd edib ki, sözügedən qətnamənin qəbulu ədalətin bərqərar olunması baxımından önəmlidir.

“Biz görürürük ki, beynəlxalq aləmdə koronavirusa qarşı vaksinlərin paylanılmasında qeyri-bərabərlik və ədalətsizlik var. Prezidentimizin təşəbbüsü ilə qəbul edilən qətnamə həmin ədalətsizliyə qarşı böyük iradənin nümayiş etdirilməsidir. Qətnamədə COVID-19-a qarşı mübarizədə çoxtərəfliliyin, eləcə də beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edilir. Bu xüsusda, bütün dövlətlər, özəl şirkətlər və digər aktorlar COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi istiqamətində konkret tədbirlər görməyə çağırılır.

Bütün dövlətlər COVID-19 əleyhinə peyvəndlərin ixracı ilə bağlı mövcud olan əsassız maneələri aradan qaldırmağa və peyvəndlərin hazırlanması və səmərəli paylanması sahəsində əməkdaşlığa dəvət olunur”, – deyə Məlahət İbrahimqızı əlavə edib.

Məlahət İbrahimqızının sözlərinə əsasən, pandemiyadan sonrakı dövr üçün çərçivə sənədinin qəbulu da aktuallıq qazanır.

Qeyd edək ki, qətnaməyə 126 BMT üzvü dövləti həmmüəllif qismində qoşulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir