İqor Koziy: “Rusiya zəif Ermənistanda maraqlıdır”

Azərbaycan-Ermənistan sərhədində baş verən son döyüşlər sülh gözləntilərini bir qədər arxa plana çəkdi. Gərginliyin səbəbləri haqqında müxtəlif fikirlər mövcuddur. 

Ukrayna Avro-Atlantik Əməkdaşlıq İnstitutunun hərbi eksperti İqor Koziy Oxu.Az-a müsahibəsində bildirib ki, Rusiyanın Ermənistana təsirini nəzərə alsaq, Cənubi Qafqaz regionunda vəziyyətin yumşalmasından danışmağa ehtiyac yoxdur.

“Bütün bu münaqişələr (postsovet məkanında – red.) əvvəlcədən hazırlanıb və Moskva onlardan həmişə öz maraqları üçün istifadə edib. Yeri gəlmişkən, bu ideyalar hələ çar Rusiyası zamanından var. Hesab edirəm ki, bu gün münaqişə nə Azərbaycana, nə də Ermənistana sərfəli deyil, çünki bundan yalnız bir ölkə qazanır – Rusiya Federasiyası”, – deyə o qeyd edib.

Həmsöhbətimiz deyir ki, Rusiya onun müdaxiləsi olmadan Azərbaycanla Ermənistan arasında sülhün mümkünsüzlüyünü göstərmək istəyir:

“Mənə elə gəlir ki, ən yaxşı variant sülhməramlıları Azərbaycana və Ermənistana eyni münasibət sərgiləyən ölkələrdən tapmaqdır. Lakin sizin bölgədə bu, çox çətindir. Yeri gəlmişkən, Türkiyə NATO üzvü kimi Şimali Atlantika Alyansı çərçivəsində bu məsələni qapalı formatda qaldıra bilər”.

Mütəxəssis son proseslərdən sonra İrəvanın lazımi prosedurlara riayət etmədən, heç bir formal səbəb olmadan Rusiyaya müraciət etməsi və ikincinin hansısa köməklik göstərməməsi məsələsinə də fikir bildirib:

“Bu, onu deməyə əsas verir ki, Rusiya zəif Ermənistanda maraqlıdır, zəif İrəvan isə başqa müttəfiqlər axtarmalıdır. Belə deyim – Belarus ssenarisi indi Ermənistanda baş verənlərə çox bənzəyir. Ölkə Rusiya Federasiyasının tam təsiri altındadır”.

Hərbi ekspert eyni zamanda, Ermənistanın Azərbaycana, Gürcüstana, Türkiyəyə ərazi iddialarının Rusiya Federasiyasının təsirindən qaynaqlandığını da vurğulayıb.

“Bu faktı nəzərdən qaçırmaq olmaz”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir