İran səfirliyi qarşısında edilmiş hərəkət pisləndi – AÇIQLAMA

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında edilmiş hərəkət sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Yeri gəlmişkən, qonşu ölkənin milli atributlarına qarşı hörmətsizlik edənlər artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Oxu.Az Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun məsələyə münasibətini öyrənib. Diplomat gənclərin bu hərəkətini pisləyib:

“Hesab edirəm ki, etiraz üçün hər hansısa əsas varsa, onu qəbul olunmuş siyasi yollarla çatdırmaq mümkün olur. Şəxsən mən düşünürəm ki, bu şəkildə etiraz olmayaydı”.

Estoniya və Latviyada ölkəmizin fövqəladə və səlahiyyətli səfiri işləmiş T.Zülfüqarov etiraz aksiyasının düzgün formada edilmədiyini bildirib:

“Etirazın üslubları var. Həmin üslublar hamıya bəllidir. Bu üslublardan birindən yararlanmaq olardı. Üstəlik, İranda bizə qarşı çıxanlardan başqa, xeyli dostlarımız var. Onların içərisində Azərbaycanı sevən siyasətçilər də var. Mən İran azərbaycanlılarını yox, digər millətlərdən olan nümayəndələri də nəzərdə tuturam. Onlara qarşı bu, hörmətsizlikdir, siyasətə aid olmayan hərəkətdir. Gərək ki, arada hörməti saxlayaq. Dövlət atributuna qarşı bu hərəkət qəbuledilməzdir”.

Tofiq Zülfüqarovun sözlərinə görə, bu, gənclərin səhv addımıdır, polis onları düzgün şəkildə cəzalandırıb.

Səbuhi Musayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir