İran Xankəndiyə qanunsuz yüklər aparmaqdan əl çəkməyəcək – ŞƏRH

“İran Gorus bölgəsində son dövrlər Azərbaycan tərəfindən bağlanan yola alternativ çəkilməsini gözləyir”.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri jurnalistlərə verdiyi açıqlamada deyib.

O, Gorus-Qafan yolunda Azərbaycan polisinin və gömrük işçilərinin İrandan Ermənistana gedən yük maşınlarını saxlayaraq gömrük rüsumu kimi pul aldığını deyib.

Səfirliyin bu problemi ən qısa vaxtda həll etmək üçün səy göstərdiyini qeyd edib.

Zühuri daha sonra iddia edib ki, 44 günlük müharibədən sonra Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən, Ermənistanın Gorus yolunun Azərbaycan ərazisindən keçən iki hissəsi alternativ yol tikilənə qədər nəqliyyat vasitələrinin hərəkətinə açıq olmalı idi.

Hər zaman qatı anti-Azərbaycan, amma ermənipərəst mövqeyi ilə fərqlənən səfir Abbas Bədəxşan Zühuri Azərbaycanın qanuni olaraq İran yük maşınlarından gömrük rüsumu almasından şikayətlənib.

Qeyd edək ki, Azərbaycan İranla Ermənistanın ticarət əlaqələrinə müdaxilə etmir. Yalnız İrandan Gorus-Qafan yolu ilə qanunsuz olaraq Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə, yəni Xankəndi başda olmaqla Qarabağda yerləşən bir neçə şəhərə tikinti malları və şübhəli yüklərin daşınmasının yolverilməz olduğunu bəyan edir.

Azərbaycan dəfələrlə İrana diplomatik nəzakətlə etiraz etsə də, bunun faydası olmayıb. Nəhayət Tehrana bununla bağlı etiraz notası edilmişdi.

İranın “Qafqaz.ir” saytı Zühurinin dediklərini “İranın səfirinin iranlı sürücülərin problemlərini həll etmək yönündə vədi” başlığı ilə təqdim edib.

Bir neçə gün bundan öncə Azərbaycanı təhdid edən Ərdəbilin baş axundu Həsən Amoliyə tabe olan bu sayt Azərbaycanda şiələrin sıxışdırıldığını iddia edərək, anti-Azərbaycan xəbərləri yaymaqla tanınır.

Bəs görəsən indi müsəlman Qarabağ əhalisini qətliam edən ermənilərə İran yük maşınlarının nə olduğu məlum olmayan yüklər daşıması qarşısında yaranmış “əngəl”in həll olunmasına səfirin “söz verməsini” həmin sayt niyə belə böyük şövqlə dərc edir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir