İranın Ermənistandakı səfiri və hərbi attaşesi Azərbaycanla sərhəd bölgəsinə səfər ediblər – FOTO

İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri, səfirliyin hərbi attaşesi polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Qeqarkunik bölgəsinə səfər ediblər.

“Report” xəbər verir ki, hərbi hissənin komandiri, general-mayor Arayik Arutyunyan qonaqlara Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib.

Səfir və attaşe Verin Şorja kəndi yaxınlığındakı sərhəd zonasını da ziyarət ediblər. İki ölkə arasındakı sərhəd mübahisələrinin davam etməsindən narahatlığını ifadə edən Zohuri, hər iki tərəfin təmkinli olmasının və mövcud mübahisələrin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. O, son qarşıdurmalarda şəhid olan əsgərlərin ailələrinə də başsağlığı verib.

Həmçinin, səfir Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsinin bütün bölgə xalqlarının maraqlarına uyğun gəldiyini və İranın bölgədə sabitliyin bərqərar olması üçün lazımi səylər göstərəməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, indiyədək yalnız ABŞ və Fransa səfirlərinin ziyarət etdikləri Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərinə İran rəsmilərinin səfəri bir sıra haqlı suallar doğurur. Təkcə onu xatırlamaq kifayətdir ki, ikinci Qarabağ savaşı günlərində cənub qonşumuzun xarici işlər naziri Cavad Zərif Ermənistanın ərazi bütövlüyünü İranın qırmızı xətti adlandırmışdı.

İndi isə İslam Respublikası qeyd olunan ərazilərə öz səfirini göndərir. Bəs görəsən, 30 illik erməni işğalı ərzində İran müsəlman Azərbaycanın ərazi məsələlərinə qarşı niyə belə həssaslıq və qayğı gəstərməyib? Həqiqətən də, çox düşündürücü sualdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir