İransevərlərin coşan ehtirasları, DTX-nin çağırışı, Qərbin qərəzi

Sosial şəbəkələr platformasında İranın “işığına” yığışıb müxtəlif video və saxta məlumatlarla Azərbaycana qarşı savaş açmağa hansı adı qoymaq lazımdır – hüquqi lüğət fondu buna adlar tapsa da, mənəvi lüğət fondu bunu ifadə etməkdə acizdir.

Söhbət İran vətəndaşlarından da getmir, onlar da öz dövlətlərinin müdafiəsinə qalxaraq sinələrini sipər verə bilərlər, lakin Azərbaycanın bəzi vətəndaşlarının bunu etməsi qədər dəhşətli bir şey yoxdur.

Yəni, təsəvvür edin, belələri üçün bir iranlıdan çox iranlı olmağı fəaliyyətlərinin müqəddəs amalına çevirmək adi haldır. İctimai təsəvvürlərdə çaşdırıcı və hədyan dolu, Bakı əleyhinə “silah” tuşlanması üçün rəylərin yaradılmasına canla-başla xidmət edənlər bir şeyi anlamırlar: Bura müstəqil, dünyəvi Azərbaycan dövlətidir, cəmiyyət sekulyardır və onların QUMla dolu beyinləri heç kimə lazım deyil.

Bir zamanlar İranın və İranın Azərbaycandakı casus şəbəkəsinin ən böyük kozırı Nardaran idi, lakin Azərbaycan dövləti necə deyərlər həmin qəsəbənin “nadinc sakinləri”ni islah etdi.

Amma Azərbaycana qarşı ideoloji silahdan həqiqi silaha keçid üçün zəmin hazırlayanlar həbs olunandan sonra Qərbin bir sıra təşkilatları həmin şəxsləri siyasi məhbus siyahısına əlavə etdilər. Yəni, Qərb ictimai təhdid yaradan qüvvələrə belə münasibətdə Azərbaycana xoş münasibət sərgiləmədi.

Əslində təəccüblü də deyil, çünki bu, Azərbaycan hakimiyyətinə qarşı mübarizə adı altında dövlət əleyhinə təbliğat aparmaqda vacib element idi.

Bunu acı təəssüf hissilə deyirik: kimlərsə bu şəbəkənin toruna keçdi. Təəssüfdən hiddətə keçmək üçün isə əsaslarımız var. Çox təəssüf ki, hələ də bəziləri tarixin ortaçağ qaranlığının şəriət təfəkküründən ayılmayıb, leksikonları tarixin periodlarında qara ləkə kimi qalmış şüarlarla zəngindir.

Bu yaxınlarda şəhid məzarı önündə utanmadan, qızarmadan Tehranın siyasi dili ilə danışan şəxsi sosial şəbəkələrdən çoxumuz izlədik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlama yayaraq onun barəsində tədbir görüldüyünü açıqladı. Lakin bu, iransevərlərin ehtiraslarını cilovlamadı, daha doğrusu onlar bundan dərs çıxarmadılar və hisslərində qəzəbli ton artdı.

Cənablar və xanımlar, niyə bu qədər qəzəblisiniz? Sual ritorikdir, sizi qəzəbləndirən səbəblərin hər biri əslində ayrıca bir genişhəcmli mətndir.

Ancaq DTX-nin xəbərdarlığını xatırlatmaq yerinə düşər:

“Azərbaycan Respublikasının Konstitusiyasına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə və təhlükəsizlik maraqlarına zidd davranışların qarşısı bundan sonra da qətiyyətlə alınacaq”.

DTX-nin bu açıqlaması hüquqi əsaslara söykənən tədbirlər kompleksinin bəyanıdır.

Bu, o deməkdir ki, ölkənin konstitusion quruluşuna qarşı yönəlmiş təhdidlərin ideya müəllifləri və icraçıları ifşa ediləcək.

Azərbaycan postmüharibə dövründə Qərblə də münasibətləri istiləşdirir, amma zamanla maraqların toqquşması fonunda problemlər də yaranır. İndi sual olunur: Görəsən Azərbaycan belələrinə qarşı tədbir görsə Qərb mərkəzlərinə bağlı qurumlar onları da dinc məqsədlilər siyahısına əlavə edəcəkmi? Bu sual açıq qalır. Çünki cavabını ən azı biz bilmirik.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir