İrina Djorbenadze: “Niyə Sarkozini mühakimə etmək olar, amma Saakaşvilini yox?”

“Mövcud hökumətin dövründə Mixail Saakaşvili ya həbsdə oturacaq və onun üzərinə əlavə daha bir əlavə iş – məsələn sərhədi qeyri-qanuni keçmək maddəsi qoyulacaq, ya da onu başdan etmək üçün Ukraynaya təhvil verəcəklər”.

Bu sözləri Oxu.Az-a açıqlamasında tanınmış gürcü jurnalisti və siyasi icmalçı İrina Djorbenadze Gürcüstandakı son seçkiləri və hazırda həbsdə olan Mixail Saakaşvilinin gələcək taleyini şərh edərkən söyləyib.

Jurnalist fikrin davamında vurğulayıb ki, M.Saakaşvilinin söz verdiyi kimi ölkəyə qayıtması seçkinin nəticələrinə sözsüz ki, təsir etdi və millətçilər proqnozlaşdırılandan daha çox səs topladılar.

İrina Djorbenadze Ukraynada müxtəlif səviyyələrdə Gürcüstanın üçüncü prezidentinin azad edilməsinin zəruriliyinə dair bəyanatların səsləndirildiyi bir halda Ukrayna vətəndaşı Mixail Saakaşvilinin Kiyevdən Tbilisiyə ekstradisiyası üçün heç bir rəsmi sorğunun göndərilməməsini isə belə şərh edib:

“Bəli, bəyanatlar səsləndirilib… Bəs hansı nəticəyə gəlmək olar? Görünür, Kiyevin Mixail Saakaşviliyə böyük ölçüdə ehtiyacı yoxdur. İndi göründüyü qədəri ilə Gürcüstanın işlərinə qarışmaqdan bezən beynəlxalq ictimaiyyətin reaksiyasına baxmaq lazımdır. Qərbdə suallar yaranır. Niyə Fransanın keçmiş prezidenti Nikola Sarkozini mühakimə etmək olur və nəticədə heç kim buna görə nümayiş keçirmir, amma Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini mühakimə etmək olmaz? Bir daha təkrar edirəm, əgər hakim partiya öz iqtidarını saxlaya bilsə, o zaman Mixail Saakaşvili həbsdə oturacaq. Baxmayaraq ki, bu məsələ hökumət üçün heç sərfəli deyil. Gürcüstanın üçüncü prezidenti fəaldır, ona baş çəkirlər, o, bəyanatlar verir, tələblər qoyur… Saxlandığı cəzaçəkmə müəssisəsinin yaxınlığında mütəmadi olaraq aksiyalar keçirilir. Hakimiyyət çətin vəziyyətdən çıxış yolu tapa biləcəkmi? O, Saakaşvilini azad etməkdən imtina edir, halbuki onun ölkədə olması sabitliyi pozur. Onu hansısa ölkəyə, şərti olaraq “Şərqi Timor”a təhvil vermək olarmı? Lakin hansı əsaslarla? Bu suallara cavablarım yoxdur, hadisələrin inkişafını izləyək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir