İsrail səfirinin ismarışı və ya Azərbaycan üzərindən başqa ölkəyə mesaj vermək lazım deyil… – ŞƏRH

Azərbaycan-İran münasibətlərinin cari vəziyyətindəki rənglər son günlər tündləşib, Tehrandan hərbi təlimlər fonunda gah dostluq mesajları gəlir, gah da təhdid elementlərini özündə ehtiva edən açıqlamalar. Bakı isə strateji səbr və təmkinlilik nümayiş etdirir, bununla haqlı arqumentlər qarşısında Tehrandan konstruktiv mövqe gözləyir.

Münasibətlərin kövrək zəminə qədəm qoyduğu bir zamanda suyu daha da bulandırmaq cəhdləri, üçüncü ölkələrin maraqlarının önə çəkilməsi halları da müşahidə edilə bilər.

Azərbaycana təhdid varsa belə, buna dövlətimiz lazım biləndə lazımi şəkildə etiraz edir və istənilən təxribatın da çalarlarını müəyyənləşdirir. Belə həssas məqamda haqlı etirazlarla digər hansısa səhv hərəkət, yanlış təəssürat yaradacaq addımların sərhədini təyin etmək vacibdir.

Azərbaycanın güclü əlaqələri olan ölkələrdən biri İsraildir. İsrail Vətən müharibəsində də Bakıya siyasi dəstək olub, döyüşlərdə bu ölkənin silahları böyük rol oynayıb.

İsrailə işğaldan azad edilmiş ərazilərdə keçirilən layihələrdə iştirak imkanları tanınıb.

Ancaq bir məsələdə İsraili tənqid etmək üçün əsasın yarandığını söyləmək haqqımızı da xatırladacağam.

Söhbət ondan gedir ki, dünən – sentyabrın 30-da İsrailin Azərbaycandakı səfiri Corc Dik ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ilə birlikdə Qubada olublar, dağ yəhudiləri icmasının yaşadığı Qırmızı Qəsəbəyə baş çəkiblər. Çox gözəl, bu, Azərbaycandakı tolerantlığa İsrail və ABŞ tərəfindən yüksək siyasi dəstək verməyin göstəricisidir və bunu təqdir edirik.

Səfərlə bağlı özünün “Twitter” hesabında paylaşım edən Corc Dik isə Azərbaycandakı vəziyyəti İranla müqayisə kontekstində dəyərləndirib. Zənnimizcə, burada böyük xətaya yol verib.

Çünki cənab səfir burada dozanı bir az çoxaldıb, yəni İrana qarşı fikirlərini Azərbaycan üzərindən tirajlamaqla yumşaq desək, siyasi etika qaydalarına zidd davranıb.

Corc Dikin fikirlərinə diqqət edək:

“İran ərazisində yaşayan dini və etnik azlıqları təzyiq altında saxlayır, başqa ölkələrdə yəhudiləri təqib edir. Belə bir zamanda isə İsrail, ABŞ və Azərbaycan tolerantlığı və müxtəlifliyi dəstəkləyir. Qubaya, yəhudi icmasına ABŞ səfiri ilə birgə səfərimiz barədə az da olsa, bunu deyə bilərəm”.

Cənab səfir, bilirik İranla İsrail bir-birinə qatı düşmən kəsilib, üfüqdə bu iki ölkənin barışıq imkanları da görünmür. Fikir verin, sizin açıqlamanızdan sonra İranın Azərbaycandakı səfiri də cavab mesajı ilə çıxış etdi. Yəni, diplomatik döyüş meydanı üçün Azərbaycandan başqa ölkə tapmadınızmı? Söhbət hər iki ölkə səfirinə də aiddir, amma birinci “atəşi” Corc Dikin açdığını da etiraf etməliyik.

Amma Bakı-Tehran münasibətlərinin gərgin fazada olduğu bir zamanda sizin bəyanatınız heç də Bakının xeyrinə deyil. Yəni, belə bəyanat üçün başqa platforma daha məqsədəuyğun olardı.

Əldə etdiyimiz məlumata əsasən, Azərbaycan hökuməti bu narazılığını Corc Dikə çatdırıb, eyni zamanda İsrail dövləti özü də səfirə xəbərdarlıq göndərib.

Hər şeyi obyektiv dəyərləndirmək lazımdır, ona görə də, bu yazını yazmaq zərurətini hiss etdik.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir