Kalaşnikov: “Ermənistandakı revanşistlər kiminlə döyüşəcəklər – Rusiya ilə yoxsa Azərbaycanla?” – MÜSAHİBƏ

Moskvada ümid edirlər ki, İrəvanda baş verən hadisələrindən asılı olmayaraq, Ermənistan Dağlıq Qarabağla bağlı Üçtərəfli Bəyanata əməl edəcək.

Narahatlıq üçün isə əsaslar var, çünki, Media.Az-ın da xəbər verdiyi kimi, hətta Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan da bildirmişdi ki, məhz Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin yekun siyasi həllinə nail olmaq üçün yeganə beynəlxalq mandata malik formatdır.

Birmənalı şəkildə revanşist baxışlara malik olan erməni müxalifətinin nümayəndələrinə gəldikdə, onların çoxu 10 noyabrda imzalanan bəyanatı ümumiyyətlə qanuni hesab etmir.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun sözlərinə görə, Rusiya Ermənistan liderlərinin məsuliyyətinə etibar edir.

“Hansı hadisələrin baş verməsindən asılı olmayaraq, Dağlıq Qarabağla bağlı razılaşmanın həyata keçirilməsində ardıcıllıq olmalıdır. Bu müqaviləyə zidd olan istənilən bir hərəkət, addım böyük bir faciəyə səbəb ola bilər, buna icazə verilməməlidir”, – deyə, Valentina Matviyenko bildirib.

Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov hələ ötən əsrin 90-cı illərindən bəri davamlı olaraq Qarabağ münaqişəsinin həlli üçün üçtərəfli formatı müdafiə edib.

Media.Az sözügedən məsələlərin şərhi ilə bağlı Leonid Kalaşnikova müraciət edib.

Moskvada İrəvanın Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanmış Qarabağla bağlı üçtərəfli razılaşmaya əməl edəcəyinə ümid edirlər. Ermənistanda isə getdikcə daha tez-tez ATƏT-in Minsk Qrupunu xatırlayırlar və məsələnin son həllinin məhz ATƏT-in Minsk Qrupunun vasitəçiliyi həyata keçirilməsini istəyirlər. Sizin baxışınız nədir, niyə Ermənistan tərəfi işlək olan üçtərəfli formatdan razı deyil?

Mənim mövqeyim həmişə birmənalı olub, Minsk Qrupu ilə əlaqəli illüziyaların kənara qoyulmasının vacibliyindən danışmışam. Tək variant mövcuddur – üçtərəfli razılaşma. Biz bu barədə hörmətli İlham Heydəroviç Əliyevlə və o zaman Ermənistanın prezidenti olmuş Serj Sarqsyanla danışmışıq. Sonra mən bu barədə hələ baş nazir olmamışdan əvvəl Nikol Paşinyanla danışmışam.

Uzun illər heç bir nəticəyə gətirib çıxarmayan təmas qrupunu sadəcə olaraq yaddan çıxartmaq lazımdır, xüsusən Rusiyanı düşmən hesab etdikləri (Qərbdə – red.), onun sərhədlərində qaynar nöqtələri yaratmağa çalışdıqları bir dövrdə.  

Onlar (Ermənistan – red.) təmas qrupunda kimə arxalanırlar? Orada üç həmsədr var. Əgər Rusiyaya arxalanırlarsa, o zaman Ermənistan və Azərbaycan məhz onunla məsələləri həll etməlidirlər.

Yoxsa Rusiya Federasiyasına düşmən münasibət bəsləyən və bütün Cənubi Qafqaz bölgəsinin həyatını çətinləşdirən, problemləri həll etməyə heç hazırlaşmayan ABŞ-a və ya Fransaya ümid bəsləyirlər?

Halbuki Rusiyanın, Azərbaycanın və Ermənistanın həyatı əhəmiyyət kəsb edən maraqları məhz burada yerləşir.

Ona görə ATƏT-in Minsk qrupu – illüziyadır. Kim problemi həll etmək istəyirsə, o, onu həll edir. Bunu istəməyən o təmas qrupu timsalında bəhanələr uydurur.

Bizim ölkədə bir çox siyasətçi deyirdi ki, guya biz onu (Qarabağ münaqişəsini – red.) həll etsək ABŞ və Fransa onun nəticələrini tanımayacaq. Tamamilə cəfəngiyatdır. Bu, ilk növbədə Azərbaycan və Ermənistan başda olmaqla, üç ölkə üçün mühüm problemdir. Rusiya prezidenti Vladimir Putinə həm Bakıda, həm də İrəvanda etibar edirlər. Bu da münaqişənin nizama salınmasına kömək etdi.

Bəs əgər İrəvanda hakimiyyətə revanşistlər gələrsə, üçtərəfli razılaşmaya yenidən baxılması mümkündürmü?

Xeyr. Bu, qeyri-realdır. Əgər kimsə müharibə istəyirsə, qoy bunu elan edib müharibə etsin. Bəs harada, kiminlə? Rusiya ilə, yoxsa Azərbaycanla? Bu, fiziki cəhətdən sadəcə olaraq mümkün deyil. Rusiya və Azərbaycan bu razılaşmadan çıxmayacaqlar. Küçədə nə istəsən bəyan etmək olar, amma real siyasət başqadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir