Karen Şahnazarov: “Revanş haqda xəyallar boş məşğuliyyətdən başqa bir şey deyil”

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış Qarabağla bağlı üçtərəfli razılaşma icra olunur, müharibə yoxdur və bu artıq müsbət haldır.

Bu sözləri məşhur rusiyalı kinorejissor, “Mosfilm” konserninin idarə heyətinin sədri, ictimai xadim Karen Şahnazarov Caliber.Az-a verdiyi müsahibədə deyib.

“Tez-tez ola bilir ki, hətta atəşkəs elan olunandan sonra da, silahlar işə düşür, gərginlik yaşanır. Ancaq burada (Ermənistan-Azərbaycan münaqişəsi zonasında – red.) biz bunu görmürük. Hər şeyin yaxşı getdiyini hiss etmək olur”, – deyə müsahibimiz bildirdi.

– İqtisadi əməkdaşlıq, habelə kommunikasiyaların açılması hər zaman müsbət haldır, xüsusən Cənubi Qafqaz bölgəsində…

– Mən həmişə bu barədə danışmışam. Əgər Azərbaycan və Ermənistan iqtisadi sahədə əməkdaşlıq etsələr, gec-tez, ehtimal ki, bu tez baş verəcək, ortaq dil tapacaqlar. Birgə yaşayış üçün başqa yol sadəcə yoxdur. Revanş haqda xəyallar isə boş məşğuliyyətdən başqa bir şey deyil.

– Əməkdaşlıq və kommunikasiyaların açılması mövzusunu davam etdirsək… Ermənistan ərazisindən keçməklə Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılır. Ona nəzarəti və təhlükəsizliyi Rusiya tərəfi təmin edəcək. Bu, erməni cəmiyyətinin revanş götürməyə meyilli hissəsini narahat edir.

– Erməni xalqı müharibədəki məğlubiyyəti ağrılı qəbul etdi, bu başa düşüləndir. Ancaq bu mərhələdən keçmək lazımdır.

– Rusiya Ermənistanla düşmənçilik etmir, deyil mi?

– Mən fikrimi davam edim. Cəmiyyətin bir hissəsinin revanşist əhval-ruhiyyədə olduğu aydındır: “gəlin gücümüzü toplayaq və yeni bir müharibəyə başlayaq”. Məncə, bu tamamilə yalnış bir yoldur. Ancaq mənə elə gəlir ki, ermənilərin əksəriyyəti buna meyilli deyillər.

Əməkdaşlıq üçün fürsət tapmaq lazımdır. Və indi, bu mərhələdə Rusiyanın nəzarətinin (Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizi üzərində – red.) ən yaxşı variant olduğu göz qabağındadır. Bir qədər vaxt keçəndən sonra Rusiyanın nəzarəti ilə bağlı vəziyyəti dəyişdirmək mümkün olacaq.

Bütovlükdə, mən hesab edirəm ki, bu razılaşmanın imzalanması Azərbaycan Prezidenti İlham Əliyevin böyük nailiyyətidir. Axı Bakının əlində “kartları” çox idi, amma ən müdrik və ən doğru seçim edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir