Komitə sədrindən Fransa XİN başçısına sərt reaksiya: “Cinayət xarakterli əməllərini ört-basdır etməyə yönəlib”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransa xarici işlər nazirinin Milli Assambleyada söylədikləri ilə bağlı bəyanat yayıb.

Ria24.Az xəbər verir ki, bəyanatda deyilir:

“Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu ilin 18 yanvar tarixində bu ölkənin Milli Assambleyasında diplomata qətiyyən yaraşmayan və beynəlxalq hüquqa məhəl qoymayan bir tərzdə açıqlama edilib. Bu tərzdə edilən açıqlama diplomatiya ənənələrinə tam ziddiyyət təşkil etməklə yanaşı, Fransanın bəzi hökumət və bir sıra parlament nümayəndələrinin cinayət xarakterli əməllərini ört-basdır etməyə yönəlmiş bəyanatdır. Milli Assambleyanın Respublikaçılar Partiyasından olan üzvü Erik Siottiyə təxribatçı məqsədlərlə Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərməsi ilə bağlı sərt cavab verilməməsi və ona həddinin bildirilməməsi bunu sübut edən amillərdən biridir.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar öz haqlı mövqeyini bildirmişdir. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təməl prinsiplərinə bu cür etinasız münasibət qəbuledilməzdir və buna sərt reaksiyanın verilməsi təbii haldır, tam məntiqlidir və düzgündür.

Fransada keçiriləcək prezident seçkilərində namizəd olan xanım Pekressin seçiciləri cəlb etməyə yönələn bu səpkili cəhdləri hər zaman beynəlxalq hüquq prinsiplərinə böyük əhəmiyyət verən Azərbaycanla münasibətlərə zərbə vurmaqla yanaşı, həm də Qafqaz regionunun sabitliyini və inkişafını da pozmağa yönəlmiş təxribatçı addımdır.

Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə 2021-ci il dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə konstruktiv görüşündən sonra nazir Lö Drianın hökumət nümayəndəsi kimi bu cür bəyanatı öz hökumət başçısının apardığı siyasətə tam qarşıdır. Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının əsassız və kobud şəkildə şərh edilməsi qətiyyən qəbuledilməzdir.

Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kəsə sirr deyil. Fransa Parlamentinin hər iki palatası, hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran sənədlər qəbul etmişdir. Bu cür hallar Fransa hökuməti tərəfindən pislənməli və aradan qaldırılmalı olduğu halda, əksinə onlar bu təxribatları dəstəkləyir və ört-basdır etməyə çalışırlar.

Azərbaycan hökuməti hər zaman olduğu kimi, öz ərazi bütövlüyünü və suveren hüquqlarını müdafiə edəcək, dövlət sərhədlərinin təhlükəsizliyinin və toxunulmazlığının qorunması isə ali vəzifəmiz olaraq qalacaq.

Azərbaycan Parlamenti isə Prezidentimizin bu istiqamətdə gördüyü işlərə hər zamankı kimi bundan sonra da dəstək verərək Fransa Parlament üzvlərini beynəlxalq qanunları kobud şəkildə pozan cinayət xarakterli bu cür əməllərə son qoymağa çağırır.

Eyni zamanda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tövsiyə edirik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Driana müraciət ünvanlayaraq, onun diplomata yaraşmayan açıqlamasını təkzib etməsi və Azərbaycan Respublikasının Prezidentindən üzr istəməsi tələb edilsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.