“Könüllülər ili”nin yekunlarına həsr olunmuş videokonfrans keçirildi

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Könüllülər İli”nin yekunlarına həsr olunmuş “Vətən üçün özümüz bir, könlümüz bir” mövzusunda videokonfrans keçirilib.

Bu barədə Oxu.Az-a Komitədən məlumat verilib.

Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəblinin moderatorluğu ilə aparılan videokonfransda Azərbaycan Diaspor Könüllüləri və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri, eləcə də xaricdə yaşayan bir qrup azərbaycanlı gənc iştirak ediblər. Tədbir Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və RİİB könüllülərinin ifasında Dövlət Himninin səsləndirilməsilə başlayıb. 

Videokonfrans iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov hər bir könüllünü ölkəmizin parlaq qələbəsi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2019-ci il tarixli sərəncamını xatırladan komitə sədri bildirib ki, bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən bütün zəruri addımlar atılıb.

Nəticədə könüllülər bir çox fəaliyyət sahələrində, o cümlədən diaspor hərəkatında onlara bəslənən ümidləri doğruldublar. 

Diaspor və RİİB könüllülərinin, eləcə də xaricdə yaşayan gənc soydaşlarımızın qlobal koronavirus pandemiyası, Tovuz təxribatları və 44 gün davam edən Vətən Müharibəsi zamanı göstərdikləri fəaliyyət yüksək qiymətləndirilib. Komitə sədri vətənpərvərlik, təşəbbüskarlıq, kreativlik, innovativ düşüncə tərzi və müasir dünya görüşü nümayiş etdirən diaspor və RİİB könüllülərinə, eləcə də xaricdə yaşayan gənc soydaşlarımıza minnətdarlığını bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir Diaspor Könüllülərinin fəaliyyətindən bəhs edən videoçarxın və RİİB tərəfindən hazırlanan Könüllülər himninin nümayişi ilə davam etdirilib.

Daha sonra “Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov, RİİB-in Bakı Regional Bölməsinin rəhbəri Elvin Aslanov və könüllülər çıxış ediblər.

Çıxışlarda könüllülərin fəaliyyətinə yaradılan şəraitə görə dövlət başçısına, Heydər Əliyev Fonduna, ayrı-ayrı dövlət strukturlarının rəhbərlərinə minnətdarlıq ifadə edilib, görülən işlər haqqında məlumat verilib, informasiya müharibəsində könüllülərin sosial şəbəkə üzərindən fəaliyyətləri qeyd olunub, eləcə də qarşıda duran vəzifələr müzakirə edilib. Xaricdə yaşayan gənclər daim dövlətimizin yanında olduqlarını bildirərək, könüllülük fəaliyyətində aktiv iştiraklarına şərait yaradıldığı üçün təşəkkürlərini bildiriblər. 

Videokonfrans 2020-ci il ərzində “Karabakh is Azerbaijan!” Milli platformasında xüsusi aktivliyi ilə seçilən şəxslərə təşəkkürnamələrin təqdim edilməsi, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Diaspor və “Regional İnkişaf” İctimai Birliyi könüllülərinin dünya azərbaycanlı gənclərinə birgə müraciətinin səsləndirilməsilə başa çatıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir