Laçın və Kəlbəcərdəki erməni təxribatları: Azərbaycan yumşaq güc tətbiq edərək üstünlüyü ələ alır – ŞƏRH

Azərbaycan-Ermənistan sərhədinin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistan ordusunun təxribatlar törətməsinə səbəb verən hədəflər siyasi motivlərdən daha çox hərbi xarakter daşıyır.

Hadisələrin baş verdiyi fəsli gözardı edərək fikir səsləndirmək natamam izah olardı, indi payız fəslində olsaq da, Laçın və Kəlbəcərdə faktiki olaraq qış hökm sürür.

Ancaq qış bu region üçün xarakterik olan sərt üzünü hələ tam gücü ilə göstərməyib, belə bir məqamı isə ermənilər fürsətlər konsepsiyası kimi dəyərləndirir.

Güclü qar yağana qədər Ermənistan ordusu may ayından etibarən bu istiqamətlərdə itirilmiş mövqelərini qayıtmağa cəhdlər edir, bu isə hədsiz dərəcədə faydasız və bumeranq effekti yaradan aktdır.

Proseslərin cərəyan etdiyi zamanlama isə maraqlıdır:

1. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə erməni separatçılar təxribatları gücləndirir;

2. Paralel olaraq isə sərhəddə də hansısa akt həyata keçirmək istəyir.

Ermənistanın təxribatlarının xarakteri keyfiyyətcə İrəvana böyükmiqyaslı faydalar təqdim etmir, əksinə, İrəvan Azərbaycan tərəfindən verilən adekvat cavab tədbirləri ilə dalanda çabalayır.

Hərçənd, erməni ordusundakı utopik düşüncələrlə yaşayan ünsürlər düşünür ki, sərhəddəki ərazilərdə möhkəmlənməklə coğrafi mənada hərbi üstünlük qazanacaqlar.

Bəs Azərbaycan nə edir?

Azərbaycan bu ilin sentyabrında Gorus-Qafan yolunda gömrük və polis postları qurduqda iki ölkənin blokadasını gerçəkləşdirmişdi, söhbət Ermənistanla yanaşı həm də İrandan gedir.

Ermənilərin noyabr ayında Şuşadakı və sərhəddəki təxribatlarına gəlincə, Azərbaycan bunlara növbəti dəfə yumşaq güc tətbiq edərək elə cavab verdi ki, İrəvan yenə zərbə aldı.

Üstəgəl, Zəngəzur bölgəsindən keçən Qafan-Çakaten yolunu da Azərbaycan öz nəzarətinə götürüb burada sərhəd-gömrük məntəqəsini işə saldı.

Ermənistan mətbuatının yazdığına görə, bu məntəqənin Çakaten, Sıxovuş, Kilsəkənd, Tsav, Nerkin Hand və digər kəndlərin əhalisi çətin vəziyyətə düşəcək.

İndi bu kəndlərin əhalisi üçün iki seçim qalır: Ya Azərbaycan ərazisindən gömrük rüsumu ödəyərək keçəcəklər,  ya da daha çətin yola əl atıb uzun məsafə qət edəcəklər: Mehriyə gedib, oradan Qafana keçəcəklər.

Qısası, Azərbaycan yumşaq gücün iqtisadi rıçaqlarını işə salaraq itki vermədən yeni üstünlüklər qazanır.

Ermənistan ordusunun komandanlığı isə hələ də məntiqi əsası olmayan və xəstə təxəyyülü şəxsi heyətin düşüncələrinə pərçim edir.

Azərbaycan ordusunun bu ilin may ayından etibarən möhkəmləndiyi strateji nöqtələri indi ermənilərin ələ keçirmək cəhdinin arxasında hansı mənəvi və hərbi güc dayanır? Heç bir, əksinə Azərbaycanın əks tədbirləri elə forma aldı ki, əlavə strateji ərazilərdə də möhkəmlənmə ilə nəticələndi.

Azərbaycan ordusunun bölmələrinin yumşaq hərbi güc tətbiq edərək sərhəddə düşməni geri oturdub, ermənilərin postunu ələ keçirib – ən azından hələlik informasiyalar bu yöndədir. Bu tədbir hələ Azərbaycan ordusunun kontur tədbirlərinin çox cüzi hissəsidir.

Bir sözlə, Ermənistan təxribatlarını gücləndirdikcə, bu, onun öz başında çatlayan tədbirlərlə yadda qalacaq və Azərbaycan digər strateji məntəqələrdə də bərqərar olacaq.

Ona görə də Ermənistan baş verənlərdən düzgün nəticə çıxarmaq qabiliyyətini ortaya qoyub həyasızlığa son qoymalıdır.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir