Lavrov-Abdullahian görüşü: İran “şapalaq”landı – TƏHLİL

Moskvada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Azərbaycanla bağlı məsələlər danışıqların prioritetini təşkil edib.

Nazirlərin mətbuat konfransında ilk olaraq regionda yaranan vəziyyətlə bağlı danışması da belə deməyə əsas verir.

Abdullahian mətbuat konfransında bir daha İranın Qafqazda geopolitik dəyişiklikləri qəbul etmədiyini deməklə Lavrova uşaq kimi şikayətini çatdırır. Abdullahian hələ Moskvada hava limanında təyyarədən düşər-düşməz şikayət dolu bəyanatlar səsləndirdi, bununla da Lavrovla görüşdə inandırıcı tərəf olması üçün çalışdı. Bir ölkənin hava limanında üçüncü ölkədən giley-güzar etmək diplomata xas xarakter kimi dəyərləndirilə bilməz.

Məsələ orasındadır ki, Prezident İlham Əliyev hələ Cəbrayılda olarkən İranın iddialarına dair sübut tələb etmişdi, Tehran isə bu günə qədər bir dənə də dəlil ortaya qoymayıb.

Ancaq iranlı nazir Lavrovla birgə jurnalistlər önündə özünü haqlı tərəf kimi göstərməyə çalışsa da, Rusiyanın baş diplomatı Azərbaycanın mövqeyini diqqətə çatdırmaqla həmkarının iddialarını neytrallaşdırdı, daha dəqiqi, onun dediklərini heçə çıxardı. Düzdür, Lavrov regionda təxribat xarakterli hərbi aktivliyin yolverilməz olduğunu bildirdi, bununla belə Tehrana da “söz atmağından” da qalmadı.  

Lavrovun İranın Azərbaycanla sərhəddə genişmiqyaslı təlim keçirməsindən Bakının narahatlığını bölüşməsi o deməkdir ki, İranın təlimləri son zamanlar Bakı-Moskva diplomatik təmaslarında əsas müzakirə mövzularından biri olub.

Lavrov iranlı jurnalistin Azərbaycanla Türkiyənin Xəzər dənizində təlim keçməsini, ardınca Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimlərinin başlamasına görə Tehranın narahatlığının ziddiyyətli olduğuna işarə edib.

Birincisi, 2018-ci ilin avqustunda Aktauda Xəzərin hüquqi statusuna dair Konvensiya həqiqətən də Xəzəryanı ölkələr istisna olmaqla, başqa dövlətlərin hərbi varlığını qadağan edir. Ancaq Lavrov İranın qapısına qol vurdu, xatırlatdı ki, İran özü bu Konvensiyanı ratifikasiya etməyib. Yəni, bununla deyir ki, “nə oldu, bu məsələ indimi yadına düşdü?”. Həmçinin Lavrov Türkiyənin Xəzərdəki təlimində qeyri-qanuni əsaslar tapmır, bu barədə danışmasa belə, susması da bunun dəlilidir.

Çünki Türkiyə Azərbaycanla birgə dəniz piyadalarının təlimini keçirdi, bunun üçün isə ən uyğun poliqon dənizdir.

Bundan əlavə, Lavrov postmüharibə dövründə “3+3” formatında (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistan) əməkdaşlığın zəruriliyini önə çəkib, bu, o deməkdir ki, Abdullahianla görüşdə Moskva Tehranı Zəngəzur dəhlizinə dair qərəzli mövqedən əl çəkməyə çağırıb. Nəzərə alaq ki, Zəngəzur dəhlizini Rusiya Azərbaycan və Türkiyə qədər olmasa da, Bakı və Ankaranın maraqlarına cavab verəcək səviyyədə dəstəkləyir.

Lavrov-Abdullahian görüşündən çıxara biləcəyimiz nəticə:

1. Rusiya İranla müttəfiq xarakterli əlaqələrə malik olsa da, regionda baş verən proseslərin gərginləşməsi Moskvanın xeyrinə deyil;

2. Rusiya bunun üçün əsas təqsiri İranda görür, əks təqdirdə Lavrov Bakının narahatlığını dilə gətirməzdi;

3. Görünür İran tərəfi görüşlərdə Rusiyadan gözlədiyi mövqeni ala bilməyib. Görüşdən əvvəl Abdullahianın bölgədə sionizm və terrorizmin varlığına Rusiyadan həssas reaksiya gözləməsi deməsi, Lavrovun isə buna həssas reaksiyası belə deməyə əsas verir;

4. İranın mövqeyində yumşalmalar olacağını ehtimal etmək olar, hərçənd ki, bunu dəqiq görüşdən sonra baş verəcək proseslərdən sonra deyə bilərik.

Beləliklə, Azərbaycanın ünvanına əsassız və sübutsuz ittihamlar səsləndirən İran son günlər ərzində bir neçə dəfə gülünc vəziyyətə düşmüş olub və “şapalaq” alıb…

Aqşin Kərimov  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir