Leonid Kalaşnikov: “Bizim dövlətlərimizin maraqları Qərb üçün əhəmiyyətsizdir”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “RİA Novosti”yə verdiyi müsahibədə, guya Qarabağdakı münaqişənin həll olunmadığını, bu səbəbdən Ermənistanla Azərbaycan arasında sülh sazişindən danışmağın mümkün olmadığını bildirib.

Guya uzun illər ərzində razılaşdırılmış prinsiplər olub və həll yolu da məhz bu prinsiplərə söykənməlidir.

“Bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də bizimlə (Ermənistanla – red.) həmrəydirlər”- deyən Armen Qriqoryan məhz Ermənistanın uzun illər münaqişənin sülh yolu ilə tənzimlənməsinə getmək istəməməsinin üzərindən susqunluqla keçib.

Ancaq ən vacib məsələ bu deyil. Ermənistan Təhlükəsizlik Şurasının katibi AŞPA Monitorinq Komitəsinin Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk qrupu ilə konstruktiv əməkdaşlıq qurmağa çağırmasından dərhal sonra açıqlama verib.

Eyni zamanda mətndə üçtərəfli bəyanatın tətbiqindən əlavə sülh danışıqlarına başlamağın zəruriliyindən də bəhs olunur.

Daha əvvəl, mart ayında isə Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh prosesinin bərpa edilməsinin zəruriliyinə dair danışıq aparıb.

Qarabağ münaqişəsi onilliklər ərzində uğursuzluqlarını göstərən həmsədrlərin iştirakı olmadan həll olunubsa, ATƏT-in bu işə nə aidiyyatı var?

Caliber.Az bu məsələnin şərhi üçün ATƏT-in Minsk Qrupunu uzun illərdir davamlı tənqid edən, Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikova müraciət edib.

– AŞPA Monitorinq Komitəsi Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk qrupu ilə konstruktiv əməkdaşlıq qurmağa çağırdı. Niyə Qərb öz bacarıqsızlığını göstərən ATƏT-in Minsk Qrupunu qabağa itələməkdə davam edir?

– Qərbdəkilər qərarlarını bütün tərəflərə sırımaq üçün öz mexanizmlərinə malik olmaq istəyir. Hər şey bununla bağlıdır.

– AŞPA Komitəsinin bəyanatının mətnində sülh danışıqları prosesinin bərpa etdirilməsinin vacibliyindən bəhs olunur…

– Bəli, sanki heç bir şey baş verməyib! Və bu, orada toplaşaraq bizə nəyi isə diktə etmək, AŞPA VƏ ATƏT üçün sərfəli olan qərarlarını qəbul etdirmək istəyən auditoriya üçün nəzərdə tutulub.

Onlar müşahidə aparmaq, nəzarət etmək istəyir. Çıxış etmək, qərarlar qəbul etmək lazım gələndə isə yalnız öz mənafelərinə uyğun davranacaqlar. Bütün bu mexanizmlər uzun müddətdir işləyir və mən bu barədə uzun illərdir danışıram.

Ermənistanla Azərbaycan arasındakı münaqişə həllini tapmayanda, mən bunun yalnız üçtərəfli formatda – Rusiya, Azərbaycan və Ermənistanla həll oluna biləcəyini vurğulamışdım. Qərb ölkələri nizamlanmaya müdaxilə etdikdə, Avropa və Amerikanın qlobal maraqlarını rəhbər tutmağa başlayırlar. Onlar üçün “onuncu yerdə” olan bölgə dövlətlərinin mənafeləri isə heç bir əhəmiyyət kəsb etmir. Bu, bütün Cənubi Qafqaz ölkələrinə, Türkiyə və Rusiyaya aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir