Maksim Şevçenko: “Paşinyanın iqtisadi əlaqələri qurması onun Qarabağ klanına qarşı yeganə kartıdır” – MÜSAHİBƏ

Ermənistan hökumətinin iclasında Baş nazir Nikol Paşinyan uzun fasilədən sonra gözlənilmədən sülhsevər bəyanatla çıxış etdi.

O, İrəvanın Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin regional kommunikasiyaları blokdan çıxarmağa dair danışıqlar prosesinin bərpasına hazır olduğunu bəyan etdi. 

Bunu necə izah etmək olar?

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Oxu.Az-a müsahibəsində hər şeydən əvvəl Nikol Paşinyanın baş nazir vəzifəsinə təsdiqləndiyini xatırlatdı:

“Paşinyan mütləq hakimiyyətə sahibdir, indi o, parlament çoxluğuna malik olmaqla, Ermənistan xalqı üçün yeganə ağlabatan siyasəti yürüdə bilər – bu sülh və bütün kommunikasiyaların blokdan çıxarılmasıdır. Bu, transmilli erməni mafiyalarının strukturlarının deyil, Ermənistan respublikasının maraqlarına uyğundur”.

“Mən düşünürəm ki, Nikol Paşinyanın başında “Böyük Tiqran” haqqında xülyaların olmasına baxmayaraq, o, ağıllı hərəkət edəcək. Əminəm ki, sülh prosesinə alternativ yoxdur. Paşinyan bunu başa düşür. Və əgər o, sülh prosesini dəstəkləyirsə, necə deyərlər, onun əlinə bayraq verməyə hazırıq. Bu yolda ona kömək edəcəyik”, – deyə Maksim Şevçenko vurğulayıb.

Eyni zamanda Nikol Paşinyan artıq uzun müddətdir etibarını itirmiş ATƏT-in Minsk Qrupuna yenidən müraciət etməyə başlayıb…

Bu, Avropa rəsmilərinin səfərindən sonra Avropa İttifaqına yönəlmiş reveransdır. Minsk qrupu ilə bağlı sözlər Brüsselə sadiqlik andıdır. Bunun başqa mənası yoxdur. Minsk qrupu 30 il heç nəyi həll edə bilmədi, nəticədə bütün bunlar qanlı müharibəyə səbəb oldu.

Sizin Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin ölkələr arasında sülh müqaviləsinin imzalanması ilə bağlı proqnozlarınız necədir?

Mən deyərdim ki, siyasi prosesin məntiqi bunu tələb edir. Əgər Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə delimitasiya prosesinə və kommunikasiyaların açılmasına start versə, onun adamları deyəcək: Biz “Artsax” haqqında mifi sülhə, Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstanın daxil olduğu iqtisadi məkana inteqrasiyasına dəyişdik. İranla münasibətlər qanuniləşəcək və sair. Bütün bunlar edilməsə, ondan müharibədəki məğlubiyyətin hesabı sorulacaq. Yaxud da o bunu həyata keçirəcək və insanlar deyəcəklər ki, hər şey yaxşıdır – biz müharibədəki məğlubiyyətdən sonra almanlar kimi sülh əldə etdik.

Xatırlatmaq istərdim ki, Almaniya birinci federal kansler Konrad Adenauerin sayəsində firavan ölkəyə çevrildi. Almanlar darmadağını və rüsvayçılığı unutdular. Yeri gəlmişkən erməni xalqı bütün bunlara məruz qalmadı, çünki onlar Azərbaycanın işğal olunmuş torpaqlarında idilər. Təbii ki, mən şərti müqayisə aparıram. Ancaq Nikol Paşinyan bütün bunları araşdırıb və bilir. Mənə elə gəlir ki, o, Ermənistanda Avropa siyasət üsulunu qurmaq istəyir. Əgər belədirsə, bu niyyəti alqışlayıram. Bu, nəinki Ermənistana, hətta qonşu ölkələrə də fayda verə bilər.

Ermənilər milyarderlərin təhlükəsizlik orqanlarının köməyi ilə zorakılığa və müxtəlif tarixi utopiyalara söykənən kriminal kapitalizmdə yaşamağa son verməlidirlər.

21-ci əsrdə insanlar sərhədlərin açıq, biznes imkanlarının mövcud olduğu, hüquq və azadlıqlara hörmətlə yanaşılan sivil bir cəmiyyətdə yaşamağa layiqdirlər. Əgər Nikol Paşinyan bunu etsə, erməni xalqının tarixinə düşəcək.

Deyirlər ki, Ermənistanda revanş götürməyə meyilli “azlıq” var. Eyni zamanda bu təbəqənin bir çox nümayəndəsi Paşinyanın yeni komandasına daxil edildi. Onlar Paşinyana hansısa bir şəkildə təsir edə bilərlərmi?

Təbii ki, ermənilərin daxilində gedən siyasi proseslərin ona təsiri ola bilər. Və çox vacib bir nüans var. Biz bilirik ki, Ermənistan 1999-cu ilin oktyabrında parlamentdə baş nazirin və spikerin öldürüldüyü bir dövlətdir. Bu, siyasi terror aktının norma hesab olunduğu dövlətdir. Ona görə, Paşinyanı sadəcə olaraq öldürə də bilərlər. Lakin onun öz ölkəsinin inkişafını göstərməkdən, müharibədəki məğlubiyyətin müqabilində Ermənistana gələcəklə bağlı ümidlər verməkdən başqa çarəsi yoxdur. Türkiyə və Azərbaycanla sərhədlərin açılması isə yeni iqtisadi reallıqdır. Və bu onun Robert Koçaryan və Serj Sarqsyanın başçılıq etdiyi “Qarabağ klanı” ilə mübarizədə yeganə kartıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir