Mars Sarıyev ŞƏT sammiti barədə: Ermənistan artıq məğlub olub

9-10 sentyabr tarixlərində Moskvada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər nazirlərinin sammiti keçiriləcək.

Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir, lakin çox güman ki, tezliklə müşahidəçi statusu alacaq.

Hər halda, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında dediyi kimi, Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almaq üçün müraciətini dəstəkləyəcək.

Xatırladaq ki, ŞƏT 2001-ci ildə təsis edilib, altı dövlət – Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan təşkilatın üzvüdürlər.

2017-ci ildə Hindistan və Pakistan da ŞƏT-in üzvü oldu.

Rusiya Xarici İşlər Nazirliyi ŞƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) sammiti ilə əlaqədar elanında nazir Sergey Lavrovun Qazaxıstan və Qırğızıstandan olan həmkarları ilə ayrı-ayrılıqda görüşlər planlaşdırıldığını elan etməsi maraq doğurur.

Media.Az qırğızıstanlı politoloq, regional təhlükəsizlik məsələləri üzrə ekspert Mars Sarıyevlə bəzi məqamları müzakirə edib.

– Dərhal soruşmaq istəyirəm: Niyə Rusiya Xarici İşlər naziri ŞƏT-in sammiti zamanı məhz Qazaxıstan və Qırğızıstandan olan həmkarları ilə ayrı-ayrılıqda görüşlər keçirmək istəyir, axı ŞƏT-ə bir çox ölkələr üzvdür. Burada hansısa xüsusi məqam var?

– Mən düşünürəm ki, bu, Qırğızıstanda mövcud olan çətin vəziyyətlə əlaqəlidir. Dörd oktyabrda Qırğızıstanda parlament seçkiləri keçiriləcək və ölkədə Belarusdakı kimi destablizasiya yaratmaq variantı istisna deyil. Qırğızıstanda müxalif qüvvələri var, misal üçün, “İslahat” partiyası. Qazaxıstan da risk zonasına daxildir.  Belarusdakı hadisələr Qazaxıstan və Qırğızıstandakı siyasi vəziyyətə təsir göstərə bilər.

– Azərbaycan hazırda ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. Rusiya Xarici İşlər naziri Sergey Lavrov yaxın günlərdə verdiyi açıqlamada Bakının ŞƏT-də müşahidəçi statusunu almaq üçün müraciətinin Rusiya tərəfindən dəstəklənəcəyini açıqladı. Bu, hər hansı üstünlük verirmi?

– İcazə verin mən məsələyə bir az əvvəldən başlayım. Məlum olduğu kimi, bu təşkilata Hindistan və Çin də daxildir. Bu iki ölkə arasındakı münasibət olduqca gərgindir. Hazırda Şanxay Əməkdaşlıq Təşkilatı qeyd etdiyim iki ölkə arasında münasibətlərin qurulması üçün yaxşı bir dialoq platformasına çevrilib. Müşahidəçi statusu Azərbaycan üçün İrəvanla Bakı arasındakı gərginliyin aradan qaldırılması baxımında da yaxşı məqamdır.

– Başqa sözlə desək, ŞƏT Qarabağ problemini müzakirə etmək üçün platformaya çevrilə bilər?

– Əlbəttə. Misal olaraq Hindistan və Çin nümunəsini götürək. Bu ölkələrin müdafiə nazirləri ŞƏT platforması çərçivəsində görüşdülər. Rusiya isə hakim rolunda çıxış etməyə çalışır. Əlbəttə ki, Avrasiya məkanında sabitliyi pozmaqda maraqlı olan qlobalistlər, Qərb oyunçuları var. Beləliklə, ŞƏT formatı çox uyğundur.

Qarabağ münaqişəsinə gəlincə, iyul ayında Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələrə toxunmaq istəyirəm. Bu hadisələrdə geniş məqsədlər güdülürdü. Erməni tərəfi çoxgedişli oyunda istifadə olunurdu, vəziyyəti kəskinləşdirmək üçün irəli çəkilirdi. Fikir verin, bütün hadisələr enerji magistrallarının, nəqliyyat arteriyalarının yaxınlığında cərəyan edirdi. Ermənistan rəhbərliyi Nikol Paşinyanın simasında Avrasiya İqtisadi Birliyinin (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) axını ilə irəliləmir. İrəvan bu təşkilatların üzvü olmaqla onların birliyini sarsıdır. Bu, uzunmüddətli bir strategiyadır, lakin Ermənistan bir geosiyasi oyunun obyektinə çevrildiyi üçün artıq məğlub olub.

– ŞƏT-ə qayıdaq. Siz hesab edirsiniz ki, bu platformanın hakimi Rusiyadır?

– Belə deyim: başa düşmək lazımdır ki, ŞƏT- Çinin layihəsidir, bu isə Rusiyanın narahatlığına səbəb oldu. Lakin Rusiya tərəfindən lobbiləşdirilən Hindistanın təşkilata üzv olması vəziyyəti tarazlaşdırmağa kömək etdi. İndi bu artıq tamamilə Çin layihəsi deyil. Xatırladaq ki, Hindistanla yanaşı Pakistan da ŞƏT-in üzvüdür və burada danışıqlar üçün bir platforma mövcuddur. Əlbəttə ki, Çin Xalq Respublikası Ermənistan-Azərbaycan münaqişəsi də daxil olmaqla münaqişələrin inkişafa mane olduğunu, Çinin “Bir kəmər, bir yol” layihəsini zədələdiyini, Türkiyəyə oradan isə Avropaya daxil olmağın qarşısını aldığını başa düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir