MDU-nun fəlsəfə kafedrasının müdiri: “Şuşada ilk bərpa olunanlar mədəniyyət obyektləri olub”

Zərbə məhz ənənəvi dəyərlərə, əsaslara vurulduqda və bu zərbə artıq humanitar fəlakətdən danışılacaq qədər güclü olduqda, o zaman mənim sarsıntımı təsəvvür etmək çətin deyil.

Bunu Oxu.Az-a açıqlamasında Moskva Dövlət Universitetinin (MDU) Fəlsəfə fakültəsinin Təhsil fəlsəfəsi kafedrasının müdiri, fəlsəfə elmləri namizədi Yelena Brızqalina bəyan edib.

Onun sözlərinə görə, işğalçılar bilərəkdən Azərbaycan xalqının ən mühüm atributlarına zərbələr endiriblər.

“2012-ci ildən etibarən ildə iki dəfə bakılı tələbələrə dərs deməyə gəlirəm. Həmin tələbələr, onların valideynləri, MDU-nun Bakı filialının əməkdaşları ilə ünsiyyət zamanı Qarabağ haqqında danışarkən azərbaycanlıların səsindəki o ağrıları hiss etmişəm. Mən özüm də Qarabağı görə bildim və əsl sarsıntı yaşadım. İlk növbədə bir filosof kimi. Çünki bizim ixtisasımızdan olan insanlar üçün aydın məsələdir ki, məhz tarixi yaddaş, adət-ənənələr, əcdadlara hörmət, rəmzlər xalqı möhkəmlədən dəyərlərdir”, – deyə alim bildirib.

E.Brızqalina Azərbaycan üçün qürur hissi keçirdiyini də qeyd edib.

“Şuşaya gedən yolda gördüklərimiz, cəmi bir ildə baş verən bərpa prosesləri ölkənin iqtisadi qüdrətini və Azərbaycan xalqının vahid səylərini göstərir.

Diqqətinizə çatdırmaq istərdim ki, Şuşada ilk bərpa olunanlar məhz mədəniyyət obyektləri, məsələn, abidələr olub. Şairə Natəvanın adı dünya tarixinə qızıl hərflərlə yazılıb. Abidəyə necə əl qaldırmaq olar, belə bir qadının xatirəsini pulemyotdan necə atəşə tutmaq olar?!

Azərbaycan öz ənənələrini qoruyub saxlayır və irəliyə getməyə də hazırdır. Bu enerji yeniliyin inşasına, hər bir vətəndaşın öz ölkəsində sağlam, savadlı və xoşbəxt olması üçün şəraitin yaradılmasına yönəldilməlidir”, – deyə Brızqalina qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir