“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişdi

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, bu qanun 2021-ci ilin iyulun 1-dən qüvvəyə minəcək. 

Bundan əvvəl, qanunun qüvvəyə minmə tarixi 2021-ci il yanvarın 1-i göstərilirdi.

Qeyd edək ki, mediasiya mübahisələrin məhkəmədənkənar alternativ həll yollarından biridir. Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkərək, mübahisələrini arzu etdikləri zaman və formada həll edə bilərlər.

Vəkil ilə mediatorun arasında ən böyük fərq, mediatorun müstəqilliyi və neytrallığıdır. Mediator heç bir tərəfi təmsil etmir. Buna görə də mediasiya sessiyalarında tərəflərdən əlavə olaraq, tərəflərin maraqlarının müdafiəsi və təmini baxımından hər tərəfin vəkilləri və ya onları təmsil edən digər maraqlı şəxslər də iştirak edə bilər.

Mediasiya sessiyalarında haqlı və ya haqsız tərəflər yoxdur və nəticədə də heç kim uduzmur. Çünki əldə edilən barışıq sazişinin özü prosesin hər tərəfin məmnunluğu ilə nəticələndiyinin göstəricisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir