Millət vəkili Cavanşir Feyziyev: “Statusla bağlı məsələ artıq öz aktuallığını itirib” – FOTO

Bu gün Azərbaycan Respublikası Milli Məclisi ilə Avropa Parlamenti arasında canlı bağlantı olub. Video-formatda keçirilən görüşdə Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri xanım Marina Kalyurand və PƏK-nin Milli Məclis tərəfindən həmsədri, millət vəkili Cavanşir Feyziyev iştirak edib. 

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

Görüşün mövzusu hərbi əməliyyatlar başa çatdıqdan sonra münaqişə bölgəsindəki vəziyyət və Ai ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı olub.

Millət vəkili Cavanşir Feyziyev hərbi əməliyyatlar başa çatdıqdan sonra işğal altında qalan digər torpaqların da 9 noyabr tarixli üçtərəfli Bəyanat əsasında azad olunması, həmin bölgələrdə Azərbaycan hərbçilərinin və hakimiyyət orqanlarının öz fəaliyyətlərini bərpa etməyə başlaması, artıq Qarabağ ərazilərində quruculuq işlərinə başlanması haqqında avropalı həmkarına geniş məlumat verib.

Millət vəkili həmçinin son 30 il ərzində erməni hərbi qüvvələrinin işğalı altında qalmış ərazilərdə həyata keçirilmiş dağıdıcılıq və vandalizm əməlləri barədə danışaraq deyib: 

“Azad olunmuş Qarabağ ərazilərində bir dənə də olsa dağıdılmamış bina qalmayıb. Bütün yaşayış evləri, inzibati binalar, infrastruktur qurğuları, təhsil və mədəniyyət binaları, eləcə də tarixi-mədəni irs nümunələri  məhv edilib, əvəzində keçilməz hərbi istehkamlar və hərbi şəhərciklər salınıb”.

Avropalı həmsədrin sülh prosesinin davamlı olması üçün Minsk Qrupu çərçivəsində aparılan danışıqların davam etdirilməsinin zəruriliyi haqqında səsləndirdiyi fikrə cavab olaraq Cavab Feyziyev bildirib ki, sülh prosesi bölgə dövlətləri olan Rusiya və Türkiyənin yaxından iştirakı ilə davam etdirilir və bölgədə müharibəyə birdəfəlik son qoyulub.

Millət vəkili bildirib ki, Azərbaycan bütün bölgə dövlətlərini, o cümlədən Ermənistanı da əhatə edən  altıtərəfli əməkdaşlıq platforması haqqında təşəbbüs irəli sürüb və biz ümid edirik ki, Ermənistan da digər qonşu dövlətlər kimi düşmənçiliyə son qoyaraq bölgədə sıx əməkdaşlıq prosesinə öz töhfəsini verəcək və bu hər şeydən əvvəl Ermənistanın öz maraqlarına uyğundur.

Avropalı həmsədrin Dağlıq Qarabağın hər hansı xüsusi statusu haqqında sualına cavab olaraq C.Feyziyev belə bir məsələnin artıq ölkənin siyasi gündəliyində olmadığını bildirib. Millət vəkili qeyd edib ki, statusla bağlı məsələ Minsk Qrupunun həmsədrliyi ilə 30 il ərzində aparılan danışıqların mövzusu idi və münaqişənin sülh yolu ilə həllinin bir elementi kimi nəzərdən keçirilirdi. Təəssüf ki, münaqişə sülh yolu ilə öz həllini tapa bilmədi və müvafiq olaraq həmin danışıqlar çərçivəsində nəzərdən keçirilən bütün tənzimləmə elementləri artıq öz aktuallığını itirib.  

Görüşdə həmçinin COVID-19 pandemiyası ilə bağlı vəziyyət haqqında danışılıb, sanitar vəziyyətin imkan verəcəyi halda gələn ilin əvvəllərində komitə iclaslarının tam tərkibdə Brüsseldə və ya Bakıda keçirilməsi planlaşdırılıb. Post-münaqişə dövründə region dövlətləri arasında, eləcə də Aİ və Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir