Milli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş olub – FOTO

Martın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Xarici əlaqələr komitəsinin sədri Akif Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, “bir millət, iki dövlət” anlayışı bizim yaşam tərzimiz, fəlsəfəmizdir. 44 günlük müharibədə Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəyə görə minnətdarlığını ifadə edən komitə sədri bütün şəhidlərə, həmçinin bu günlərdə Türkiyədə helikopter qəzasında həlak olan hərbçilərə Allahdan rəhmət diləyib.

Bildirib ki, cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanda türk ordusunun kiçik bir modelinin yaradılması, işğaldan azad edilmiş ərazilərimizdə türk iş adamlarının fəaliyyəti iki ölkə arasında münasibətlərin tam yeni bir səviyyəyə yüksəlməsindən xəbər verir. Əminik ki, Azərbaycan və Türkiyə bundan sonra da problemlərinin həlli üçün birlikdə çalışacaq, beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edəcəklər.

Səmimi sözlər üçün təşəkkür edən TBMM-in Xarici əlaqələr komitəsinin sədri Akif Kılıç bildirib ki, Türkiyə və Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur. Azərbaycanın yaşadığı Vətən müharibəsində hər kəs bir daha bunun şahidi oldu. 

Parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışan qonaq pandemiyadan sonra qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, sevincli bir Zəfərdən sonra Azərbaycanda olmaq böyük qürur mənbəyidir.

Söhbət zamanı ortaq türk dərsliyinin və ortaq informasiya mühitinin yaradılması barədə də fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir