Minalanmış ərazilərin Ermənistanda olan xəritələrinə güvənmək olarmı? – Sameull Poyya şərh edir

Əfqanıstan mina təhlükəsindən ən çox zərər çəkən ölkələrdən biridir. Bu ölkədə hər ay mina partlayışından onlarla, bəzən hətta yüzlərlə insan həyatını itirir.

Bu, SSRİ-nin 1989-cu ildə ordusunun Əfqanıstandan geri çəkməsindən sonra minalanmış ərazilərin xəritələrini təqdim etməsinə baxmayaraq baş verir.

Lakin digər tərəf olan mücahidlər, hazırda isə “Taliban” bunu da etmir. Minalardan ölənlərin sayı 10 minlərlədir.

Bu barədə Caliber.Az-a danışan əfqanıstanlı analitik, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi Sameull Poyya söyləyib:

Əfqanıstanda baş vermiş müharibə dövründə minalardan əsasən mülki əhali zərər görüb. İnsanlar köhnə və yeni basdırılmış piyada əleyhinə minalara düşürlər. Əfqanıstanda bu günə qədər hər ay yüzlərlə mülki insan minaların qurbanı olur. 1979-1989-cu illərdəki Əfqanıstan müharibəsindən bəri ölkədə çox sayda piyada əleyhinə mina qalıb. Lakin bu gün insanlar əksər hallarda köhnədən qalmış minalara deyil, “Taliban” yaraqlılarının yeni basdırdığı minalardan həlak olurlar.

“Taliban” yaraqlıları minatəmizləmə üzrə mütəxəssislərə qarşı fəal mübarizə aparır, əldəqayırma partlayıcı qurğuların hazırlamasını mənimsəyiblər. Partlayışların yarıdan çoxu onların kustar üsulla hazırladıqları minalardan olur. Müxtəlif məlumatlara görə, ölkədə hələ də təxminən 600 kvadrat kilometrlik minalanmış sahə var idi. Minalardan təmizləmə əməliyyatları zamanı mina sahələrinin təxminən 70 faizi təmizlənib, 10 milyonlarla mina və silah-sursat toplanaraq məhv edilib.

Əmin-amanlığın təmin edildiyi rayonlarda minalanmış sahələr təmizlənib, lakin döyüş əməliyyatlarının davam etdiyi ərazilərdə və “Taliban”ın nəzarətində olan bölgələrdə onlar hələ də qalır. Hökumətin minatəmizləmə siyasətinin məqsədi 2023-cü ilə qədər bütün minalanan sahələrin təmizlənməsidir.

Dünya ictimaiyyəti Əfqanıstana fəal şəkildə maddi və texniki yardım göstərir, bu məqsədlə BMT-nin Əfqanıstan ərazilərinin minatəmizləmə üzrə xüsusi mərkəzi fəaliyyət göstərir.

Bildiyiniz kimi, Əfqanıstan Qoşulmama Hərəkatının (NAM) təsisçisi, 1960-cı ildən bu günə qədər bu beynəlxalq təşkilatın fəal üzvüdür.

Hazırda bu təşkilata dünyanın 120 ölkəsi daxildir. Mən hesab edirəm ki, Qoşulmama Hərəkatı minalanmış ərazilərin təmizlənməsində ciddi siyasi rol oynaya bilər.

Xüsusən, Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik etdiyini nəzərə alaraq, hərəkatın bu sahədə fəallıq göstərməsi üçün çağırış edə bilər. Bəlkə də bu problemlə məşğul olacaq ortaq bir mərkəz yaratmaq daha məntiqlidir.

Əfqanıstanda olduğu kimi Azərbaycanda da çox sayda mülki itkilər var. Minalanmış sahələrin xəritələri minaların təmizlənməsini asanlaşdırır. Qarabağdakı müharibə bitdikdən sonra erməni tərəfi minalanmış sahələrin xəritələrini təqdim etməkdən imtina edib. Niyə? Bəlkə bu xəritələr ümumiyyətlə yoxdur?

Minalanmış sahələr, partlamamış hərbi sursatlar və əldəqayırma partlayıcı qurğular post-konflikt dövrünün əsas problemi hesab olunur. Qarabağdakı ərazilərin tamamilə minalardan təmizlənməsi üçün Azərbaycan, Rusiya və Türkiyə istehkamçılarının uzun illər gərgin əmək sərf etməsi lazımdır. 

Həmçinin BMT-nin və digər humanitar təşkilatların öz resurslarını aktiv cəlb edilməsi tələb olunur.

Bu barədə daha əvvəl Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nümayəndələri də danışıblar. Azərbaycan mütəxəssislərinin həmçinin Əfqanıstandakı fəaliyyəti nəticəsində qazandıqları təcrübəni qeyd etmək istəyirəm. Mina sahələrinin xəritələrinə gəldikdə… Hətta erməni tərəfi onları təqdim etsə belə, bu xəritələrə etibar etmək çox çətindir. Böyük ehtimalla mina döşənilmiş ərazilərin xəritələrinin sxemləri “diz üzərində” tərtib edilib, və çoxları, çox güman ki, sadəcə olaraq artıq itib. Bölgədəki qarşıdurma uzun illər davam etdiyindən, minalanmış ərazilərin dəqiq yerini çətin ki, kimsə bilsin.

Minatəmizləmə işlərinin aparılması böyük vəsait tələb edir. Birləşmiş Millətlər Təşkilatının Ərazilərinin Minalardan Təmizləmə Xidməti təkcə ötən il 19 ölkədə (İraq, Əfqanıstan və Suriya daxil olmaqla) aparılan minatəmizləmə işinə təxminən yarım milyard dollar vəsait xərcləyib. Qarabağın minalardan təmizlənməsi üçün əlavə vəsaitin ayrılması lazım ola bilər.

Ehtimal ki, istehkamçıların birgə beynəlxalq səyləri qaçqınların post-konflikt bölgəyə qayıtmasını sürətləndirməyə imkan verəcəkdir. Ermənistan rəhbərliyi problemin həllinə qoşulmalıdır, çünki söhbət humanitar aspektdən gedir. Minalardan təkcə hərbçilər deyil, həm də Qarabağın azərbaycanlı və erməni millətindən olan sakinləri də əziyyət çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir