“Molla Nəsrəddin”dən ifşa dərsləri: İranın “molla taktikasının” müasir modeli – FOTO

Bu gün Azərbaycan-İran münasibətlərində yaşanan gərginlikdə Tehran öz mollalarının az qala ərşə qədər uzanan iti dilindən çox məharətlə istifadə edir. İllər ötsə, zəmanə dəyişsə belə, İran mollalarının xisləti, daşıdıqları “ali funksiya” dəyişməz olaraq qalır. Bu təbəqə müasir sivilizasiyaların inkişafına zidd olaraq geridə qalmış düşüncələri və radikallığı təmsil edir.

İran mollaları – Azərbaycan gündəminə növbəti dəfə əyalətdən olan bir nümayəndəsinin “şirin quyruğu” açıqlaması ilə gəldi. Təmsil etdiyi qaragürühun, zəhərli düşüncələrin əyani təzahürü olaraq meydana çıxan bu şəxs həm də İranın çoxəsrlik təcrübəsi olan “molla” taktikasının “müasir” modelinə çevrildi. Əslində İran mollalarının modeli illər ərzində dəyişsə də, daşıdıqları, yerinə yetirdikləri funksiya dəyişməz olaraq qalıb. İran dövləti öz mollalarının əli ilə hər zaman gizlində saxladığı iç üzünü, əsl mahiyyətini ortaya qoyub. Uzun illər ərzində İran dövləti zahirən dəyişsə də, daxildə öz mollaları vasitəsilə əsrlərlə yaşı olan cahiliyyət bataqlığını daim gözbəbəyi kimi qoruyub saxlayıb.

Bu bataqlığın yaşının əsrlərə çatdığını nəzərə alaraq, hələ ta “Molla Nəsrəddin” dövrünə gedib çatan ifşa prosesinə işıq tutmaq daha məqsədəuyğundur.

“Molla bataqlığı” ilə mübarizənin simvollarından birinə çevrilən “Molla Nəsrəddin” jurnalı ilk dəfə 1906-cı ilin aprelin 7-də işıq üzü görüb. Jurnal “Şərqin yatan millətlərini” oyatmağa gəlmişdi:

“Sizi deyib gəlmişəm, ey mənim Müsəlman qardaşlarım”.

İlk nömrənin üz qabığında yuxuya getmiş bir dəstə müsəlman təsvir olunurdu. Molla Nəsrəddin obrazının məqsəd və məramı məhz onlara doğru yolu göstərmək, yatanları oyatmaq idi. Əslində o dövr üçün jurnal öz xalqının bəlalarından, problemlərindən də bəhs edirdi. Ancaq nəzərə almaq lazımdır ki, Şərqdə yuxuya gedən millətlərə laylay çalan, bu yuxudan ən çox mənfəət götürən də elə İran idi. Hansı ki, öz mollalarının moizələrində, söhbətlərində bu yuxunun əbədi olmasını təlqin edir, dini fanatizmi öz məkrli məqsədləri üçün daim istifadə edirdi.

Odur ki, “Molla Nəsrəddin”in mübarizə apardığı həmin o yuxunun təməlində Şərqə həm də İranın “bəxş etdiyi” qaragüruh dayanırdı.

Məhz o səbəbdən idi ki, “Molla Nəsrəddin”in mübarizəsində əsas yeri mollaların iç üzünün ifşası tuturdu. Söhbət əsl din xadimlərindən, İslamın ümumbəşəri dəyərlərini insanların rifah və xoşbəxtliyi üçün təbliğ edənlərdən getmir, söhbət elə bu gün də varlığını qoruyub saxlayan Amoli kimi əyalət mollalarının şəxsində gördüyümüz həmin o “molla”lardan gedir.

O “molla”lar ki, “Molla Nəsrəddin”in onları ifşa etdiyi dövrdə baş verən bütün ədalətsizliklərə səssiz qaldığı, haqq-hüququ öz mənafeyi naminə tapdaladığı və dinin əsl dəyərlərini heçə saydığı kimi bu gün də eyni yolda addımlayır, kimlərinsə mənafeyini İslamın dəyərlərindən üstün tutur, dini siyasətin alətinə çevirir.

“Molla Nəsrəddin” mollaların eşitmək istəmədiyi həqiqətləri xalqa çatdırır, onları sözün qüdrəti ilə linç edirdi. Təsadüfi deyil ki, görkəmli ədibimiz Əbdürrəhim bəy Haqverdiyev mollaların “Molla Nəsrəddin”ə münasibətini bu sözlərlə ifadə edirdi:

“Jurnalın ilk nüsxəsi bomba kimi partladı… Mollalar deyirdi ki, jurnal heç bir müsəlmanın evinə girməməlidir. Girsə, onu maşa ilə götürün və tualetə atın”.

Bu gün İran mollalarının ali təmsilçisi olduğu qaragüruh da həqiqətlərə məhz bu prizmadan yanaşır, qətiyyətlə ondan imtina edir, yaxına buraxmır. Onun tərəfdarlarının qatı düşməninə çevrilir. Üzərindən onillər keçsə də, “Molla Nəsrəddin”in ifşa etdiyi mollaların xisləti İranda ilk günkü kimi qorunub saxlanılır. Çünki həmin mollalar dövlətin sifarişini, maraqlarını güdür. Bu isə İran dövlətinin geridəqalmış prinsiplərlə idarə olunduğunu, dövlətin dayaqlarına hopmuş xəstə düşüncələrdən imtina edə bilmədiyini göstərir.

Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə 1906-cı ildə qələmə aldığı “İranda hürriyət” məqaləsində İran xalqına verilən yalançı azadlıqlardan bəhs edir. Bu gün isə üzərindən 115 il keçdikdən sonra bütün dünya yenə də İranda eyni mənzərənin şahidi olur. İran xalqı öz dövlətini idarə edənlərin, onların mollalarının cəfəng düşüncələrinin əsiri kimi yaşayır, İranda xalqa təmin olunan azadlıqlar həmin mollaların verdiyi icazələrin sərhədini aşa bilmir.

“Molla Nəsrəddin”in 1907-ci ildə dərc etdiyi bir karikatura isə İranın məhkəmə sisteminə həsr olunub. 100 ildən artıq yaşı olan bu karikaturadakı mənzərənin bu gün də dəyişməməsi nə qədər acınacaqlı olsa da, bir o qədər reallıqdır. Çünki İran dövləti bu gün belə həmin rəzil ənənələri qoruyub saxlayır, onu himayə edən mollaları əl üstündə tutur.

Karikaturada İranın Koçan şəhərində “iyirminci əsrin İran ədliyyəsi” əks olunur. Günahsız qadın “natiq”in sözlərindən sonra daşqalaq edilir. Bu gün bir əsr sonra da onu mühakimə edəcək, ortada bir günahın olub-olmamasını müəyyən edəcək müstəqil bir institut formalaşmayıb ölkədə, yenə də bir “molla”nın sözü günahsız insanların həyatına son qoya bilir.

Bu gün sözügedən şəxslərin tənqidə heç açıq olmadığı da göz qabağındadır. “Molla Nəsrəddin”də “molla”ları ifşa edən Mirzə Cəlinin ölümünə fətva verdikləri kimi. Hətta o fətvaya görə görkəmli ədibimizə hücumlar da edilib, dəfələrlə təhdidlərə məruz qalıb.

Göründüyü kimi hansı prizmadan yanaşırıqsa yanaşaq İranda ümumi mənzərə hələ də dəyişməyib.

Yəqin ki, hər birimiz İranda Azərbaycan dilinə olan münasibətdən də xəbərdarıq. Bu gün belə İran dövləti hər vəchlə azərbaycanlıların şüurunun silinməsinə, ana dilinin unudulmasına çalışır.

İranda bu mənada da illərin heç nəyi dəyişə bilmədiyinə dair “Molla Nəsrəddin”dən bir nümunəni daha ortaya qoyaq:

“Mirzə Cəlil İran hökumətinin “Jurnal farsca çıxmalıdır” israrı ilə razılaşmadı və: “Təbrizdə ermənilər ermənicə qəzet çıxarır, siz isə Azərbaycan dilində jurnal nəşr etməyə icazə vermirsiniz. Onda, icazə verin, “Molla Nəsrəddin”i erməni dilində nəşr edim” kinayəsilə istəyinə nail oldu.

Daha bir məqam:

Molla Nəsrəddin” jurnalının 16 iyun 1906-cı il tarixli 11-ci sayındakı “İran” başlıqlı yazıda “Azərbaycan” qəzetindəki bir xəbərdən söhbət açılır. Həmin mətndə bir söz belə Azərbaycan dilində olmayıb. Bu yolla jurnalın redaktoru İran mətbuatında Azərbaycan dilinə ögey münasibət bəslənildiyinə diqqət çəkib.

Keçən illər, dəyişən təqvimlər olsa da, İranda bir çox şeylər dəyişmir, əksinə getdikcə daha dərin kök salır.

İran mollaları həqiqətin səhnəyə çıxmasına, ədalətin zəfər çalmasına dözə bilmir. Bunun qarşısında dayanmağı öz vəzifəsi hesab edir. Bu mollalar öz maraqlarından başqa heç bir amilə önəm verməyən İranın əsl simasını sözün əsl mənasında təmsil edir:

“Niyə məni döyürsünüz?” felyetonundan bir hissə:

“A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm? Heç eybi yoxdur, döyürsünüz döyünüz. Amma bunu da biliniz, ey mollalar, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alar və başlar… dəxi dalısını demirəm”.

Odur ki, İran həqiqətləri eşitməmək, həqiqətlərə qarşı lal, kar, kor münasibət bəsləmək ənənəsini heç də yeni qazanmayıb. “Niyə məni döyürsünüz?” felyetonundakı mollalar, 2021-ci ildə də dünyanın bir sıra mətləblərdən agah olmasından qorxurlar.

“Molla Nəsrəddin” jurnalından bəhs edərkən qeyd etmək lazımdır ki, jurnalın bağlanması səbəblərindən biri də mollaların “danosları” olmuşdur. “Molla”lar daim “Molla Nəsrəddin”in onları ifşası ilə mübarizə aparıblar.

1913-cü ildə yanvarın 13-də dərc olunan “Molla Nəsrəddin” çıxdı” məqaləsində qeyd olunur: “mollalar gecə-gündüz məscid minbərlərində “Molla Nəsrəddin” jurnalının bir daha çıxmaması üçün dua edirdilər”.

Bu gün “Molla Nəsrəddin” təəssüf ki, artıq öz ifşalarına davam edə bilmir. Daha bir təəssüf doğuran məqam isə İranın hələ də jurnalın hədəfinə çevrildiyi kimi qaragüruha qapılmış, “molla”ların at oynatdığı halda qalmasıdır.

Necə ki, “molla”lar gecə-gündüz “Molla Nəsrəddin”in açılmaması üçün dua edirdilər, bu gün İran mollalarının Azərbaycana qarşı qəzəb dolu bağırtılarının arxasında da bu məqam dayanır. İran dövləti, onun mollaları həqiqətləri qəbul edə, müasir dünyanın reallıqları ilə ayaqlaşa bilmirlər. Müasir, sivil dünya, sülh və əmin-amanlığın hökm sürdüyü bir regiona qarşı mübarizə aparmalarının səbəbi də məhz budur. Dünya dolanır, “Molla Nəsrəddin”ləri bizlər, sizlər əvəz edir, İran isə yerində sayır…

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir